“Bank Respublika” ASC 2024-cü ilin yanvar-fevral aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
SİF-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, “Bank Respublika” 2024-cü ilin yanvar-fevral aylarında fondun vəsaitləri hesabına sahibkarlara ümumilikdə 6,5 milyon manat məbləğində güzəştli kredit (230 layihə) verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “Azərbaycan Beynəlxalq Bankı” ASC (5,5 milyon manat), üçüncü yerdə “Rabitəbank” (4,4 milyon manat, 160 layihə) qərarlaşıb.
SİF-in xətti ilə sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə “Yelo Bank” (4,1 milyon manat, 193 layihə) və “Kapital Bank” (0,7 milyon manat) da daxil olub.
2024-cü ilin yanvar-fevral aylarında SİF-in xətti ilə sahibkarlara 23,2 milyon manat güzəştli kredit (647 layihə) verilib.
Qeyd edək ki, “Bank Respublika” 2021-2023-cü illərin yekunları üzrə SİF-in xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib. 2021-ci ildə bank 20,3 milyon manat, 2022-ci ildə 28,3 milyon manat, 2023-cü ildə isə 40 milyon manat məbləğində güzəştli kredit verib.
2023-cü ildə SİF-in xətti ilə 193,8 milyon manat məbləğində güzəştli kredit verilib.*
B.Rüstəmbəyov