Bakı və Tokio Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində mallar və xidmətlər üzrə aparılan ikitərəfli danışıqları yekunlaşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Yaponiya ilə danışıqlar başa çatıb, tərəflər martın 15-də Cenevrədə müvafiq protokol imzalayıblar”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, bu günədək bir sıra ÜTT üzvləri ilə ikitərəfli danışıqlar yekunlaşıb və Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğız Respublikası ilə müvafiq protokollar imzalanıb.
Hazırda bu çərçivədə 20-yə yaxın ÜTT üzvü ilə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılır.
Azərbaycan 1997-ci ildə ÜTT-yə daxil olmaq üçün müraciət edib.
Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin mayında Oman və BƏƏ, 2010-cu ilin mayında Gürcüstan, 2012-ci ildə isə Qırğızıstanla ÜTT-yə daxil olmaqla bağlı danışıqların başa çatması haqqında ikitərəfli protokol imzalayıb.*
R.Əhmədov