2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30,3% - 2 milyon 72,5 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin ümumi həcmində 1 milyon 658,9 min ton və ya 80% beynəlxalq tranzit yüklərin, 20% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2023-cü ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 26% artıb.
2024-cü il martın 1-nə Azərbaycanın limanlarında 136,4 min ton yük qalıb.
2023-cü ildə Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 2022-ci illə müqayisədə 13,8% artaraq 13 milyon 375,6 min ton təşkil edib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.*
N.Abbasova