Azərbaycan 2021-2023-cü illərdə şaftalı ixracından $113,4 milyon məbləğində gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aqrar Sığorta Fondundan məlumat verilib.
Azərbaycanda şaftalı bağlarından ildə 65 min tondan artıq meyvə yığılır və bunun böyük hissəsi ixrac edilir.
“2021-ci ildə xaricə 23,4 min ton şaftalı ixrac olunub, bundan $29,2 milyon gəlir əldə edilib. 2022-ci ildə ixracın həcmi 26,6 min tona, ondan əldə olunan gəlir isə $32,8 milyona yüksəlib. 2023-cü ildə Azərbaycanın xaricə ixrac etdiyi təzə şaftalı meyvəsinin həcmi 45,2 min ton (artım 69,9%) olub, bu meyvənin ixracından gəlir $51,4 milyon (artım 56,7%) təşkil edib”, - deyə fonddan bildirilib.
Azərbaycanda 10 min hektar ərazidə şaftalı yetişdirilir və bu bağlar sürətlə genişlənir, təkcə 2023-cü ildə ölkədə 1 500 hektara yaxın yeni şaftalı bağı salınıb.
Quba-Xaçmaz iqtisadi rayonu şaftalı bağlarının sahəsinə görə birinci yerdədir. Belə ki, şaftalı bağlarının 5,8 min hektarı və ya 60%-ə yaxını Quba-Xaçmazda yerləşir.*
X.Nəsirzadə