Martın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Görüş zamanı Azərbaycan ilə NATO arasında əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub”, - deyə məlumatda bildirilir.
C.Bayramov Azərbaycanın NATO ilə əməkdaşlığın, xüsusilə “Sülh naminə Tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən birgə fəaliyyətin daha da inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Nazir postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, aparılan fəaliyyətin qarşısında dayanan ən böyük çağırışlardan biri olan mina təhdidi, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib. Vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaradan, eləcə də aparılan yenidənqurma işlərinə maneə törədən mina problemi ilə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyinin əhəmiyyəti vurğulanıb.
O, Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şəraitin mövcud olduğunu, bu istiqamətdə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün Bakı tərəfindən davamlı səylərin göstərildiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
R.Kərimov