2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $591 milyon 254,1 min təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 22,36% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,18%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycandan Rusiyaya $155 milyon 131,28 min dəyərində məhsul (azalma 20,8%) ixrac edilib. Azərbaycandan ixracın 3,25%-i Rusiyanın payına düşüb. RF Azərbaycanın əsas ixrac istiqamətləri üzrə 6-cı yerdədir.
Rusiyadan Azərbaycana $436 milyon 122,23 min dəyərində (azalma 22,9%) məhsul idxal edilib. Azərbaycana idxalın ümumi həcmində 17,83% Rusiyadan idxalın payına düşüb. RF Azərbaycana məhsul idxal edən ölkələr arasında ikinci yerdədir.
Beləliklə, 2024-cü ilin yanvar-fevral aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $280 milyon 990,95 min təşkil edib.
2023-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $4 milyard 358 milyon 740,17 min təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 17,5% çoxdur.*
B.Rüstəmbəyov