Gürcüstan NATO-nun ən yaxın tərəfdaşlarından biridir və Şimali Atlantika Alyansı onun ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq bu gün Tbilisidə keçirilən mətbuat konfransında deyib.
“Bu gün baş nazir İrakli Kobaxidze ilə əməkdaşlığın dərinləşdirilməsi yolları barədə danışdıq. Biz xüsusilə böhranların idarə edilməsi, kibertəhlükəsizliyin təmin edilməsi və hərbi mühəndisliyin inkişaf etdirilməsi sahələrində yaxınlaşmağımıza yönəlmiş bir sıra konkret proqramları müzakirə etdik”, - deyə o bildirib.
Stoltenberq bu yaxınlarda Türkiyə hərbi gəmisinin Batumiyə səfərini və gürcü hərbçilərlə təcrübə mübadiləsinin aparılmasını NATO-Gürcüstan əməkdaşlığına nümunə gətirib.
“Bu əməkdaşlıq davam edir və Buxarest sammitinin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı qərarının həyata keçirilməsini nəzərdə tutur”, - deyə baş katib qeyd edib.
O, Gürcüstanda azad və ədalətli seçkilərin keçirilməsini təmin edən islahatların davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.*