2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 3 milyard 953 milyon 658,45 min kubmetr qaz ixrac edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 30,54%-i (2023-cü ilin yanvar-fevral aylarında 11,11%-i) qaz ixracının payına düşüb.
Azərbaycan qazının ixrac dəyəri $1 milyard 459 milyon 774,04 min (artım 2,9 dəfə) təşkil edib.
DGK Azərbaycan qazının ixrac olunduğu ölkələrin sıralamasını dərc etmir.
DGK tərəfindən ixrac statistikası bəyannamə əsasında aparılır. Satılmış qaza dair bəyannamə onun boru kəmərləri ilə nəqli zamanı deyil, real satışı həyata keçirildikdən sonra təqdim olunur.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyadır. Eyni zamanda, daha bir neçə Avropa ölkəsi Azərbaycan qazını almaqda maraqlı olduğunu bildirib.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.*
N.Abbasova