2024-cü ildə Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar. Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib.
“Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq”, - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib. “Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”, - deyə Əliyev qeyd edib.
Prezident “dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında qaladığını” deyib. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir”, - deyə o bildirib.
Dövlət başçısı əlavə edib ki, altı ay bundan əvvəl (2023-cü ilin sentyabrında – İF) cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi və “bu gün ölkənin ərazi bütövlüyü tamamilə təmin edilmişdir”.
Əliyev qeyd edib ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı.
Onun sözlərinə görə, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra öz qanunsuz silahlı birləşmələrini Azərbaycan torpağında əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası Azərbaycan xalqının iradəsinə ziddir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Bakı sübut etdi ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur.
“Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”, - deyə Əliyev vurğulayıb.*
R.Kərimov