NATO ilə Azərbaycan əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparır. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində bildirib.
“NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq. Bu çərçivə sənədi qarşılıqlı fəaliyyət məsələlərinə köklənəcək və burada əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə işləməkdir”, – deyə o bildirib.
Baş katib əlavə edib ki, Azərbaycan və NATO hərbi təhsil məsələlərinə də önəm verir. Bu da tərəflər arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirəcək.
“Biz, eyni zamanda, əməkdaşlığımızı gələcəkdə inkişaf etdirə biləcəyimiz digər sahələri də nəzərdən keçiririk. Bütün bunlar Azərbaycan və NATO qüvvələrini bir-birinə daha da yaxınlaşdıracaq və düşünürəm bu, hər iki tərəf üçün faydalı olacaq”, - deyə Stoltenberq vurğulayıb.
O əlavə edib ki, NATO Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır.
“Qafqazda bizim bir neçə vacib tərəfdaşımız var, buna görə də bu region NATO üçün çox vacibdir. NATO və Avropa İttifaqı Qafqaz ölkələri ilə əlaqələrin daha da inkişafında maraqlıdır. Təbii ki, Gürcüstan bu baxımdan fərqli mövqedədir. Belə ki, bu ölkə NATO üzvlüyünə müraciət edib. NATO bunun baş verəcəyini dəfələrlə bəyan edib”, - deyə baş katib vurğulayıb.*
N.Abbasova