Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Bakıdakı səfiri Quo Mini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, son zamanlar müxtəlif beynəlxalq platformalarda ali səviyyəli görüşlərin, yüksək səviyyəli siyasi təmasların, baş tutan qarşılıqlı səfər mübadilələrinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini diqqətə çatdırıblar”, - məlumatda deyilir.
Tərəflər həmçinin iqtisadi-ticarət, mədəniyyət, elm və təhsil, turizm, yüksək texnologiyalar və bir sıra istiqamətlərdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Çin şirkətlərinin iştirakı üçün geniş potensial olduğu bildirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
B.Rüstəmbəyov