ABŞ Prezidenti Co Bayden və Konqres liderləri cari maliyyə ili üçün xərclər haqqında yekun qanun layihələri ilə bağlı razılığa gəliblər.
“Biz Konqres liderləri ilə bütün il üçün maliyyələşdirilmə haqqında qalanqanun layihələri ilə bağlı gələcək addımları razılaşdırdıq. Hazırda Nümayəndələr Palatası və Senat paketin hazırlanması prosesinin başa çatdırılması üzərində işləyir”, - deyə Baydenin bəyanatında bildirilir.
Eyni zamanda, ABŞ mediası qeyd edir ki, qanunvericilərin qanun layihəsinin mətni üzərində işi başa çatdırmaları üçün vaxt lazımdır. Nümayəndələr Palatasında mövcud olan qaydaya əsasən, konqresmenlərə səsvermədən əvvəl qanun layihəsinə baxılması üçün 72 saat vaxt verilir, bir neçə əsas qurumun müvəqqəti maliyyələşdirilməsi isə cümə günü gecə yarısı başa çatır.
Nümayəndələr Palatasının spikeri Mayk Conson jurnalistlərə bildirib ki, müvafiq komitələr hazırda qanun layihəsinin mətni üzərində işləyir.*