Ermənistan parlamenti martın 20-də keçirilən iclasda Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.
Sazişə əsasən, missiya üzvləri saxlanıla və ya həbs oluna bilməz, şəxsi heyət ev sahibliyi edən ölkədə bütün hallarda cinayət təqibindən toxunulmazlıq hüququna malikdir.
Eyni zamanda, Avropa müşahidəçiləri gömrük prosedurları, viza və miqrasiya tələblərindən azad edilirlər.
Avropa İttifaqı Şurasının qərarı ilə Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində yaradılan Aİ mülki missiyası (EUMA) 2023-cü il fevral ayının 20-də Ermənistanda fəaliyyətə başlayıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, yerlərdə etimadın möhkəmlənməsinə töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Noyabrın 20-də Ermənistan və Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının statusu ilə bağlı saziş imzalayıb.
2023-cü ilin dekabrında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Aİ-nin Ermənistandakı mülki missiyasının sayının 209 nəfərə çatdırılacağını bildirib.
Yanvar ayında Aİ Şurası Ermənistandakı mülki missiyanın sayının artırılması ilə bağlı qərar qəbul edib.*