Aprelin əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə keçiriləcək görüşdə Ermənistanın inkişafı ilə bağlı üçtərəfli əməkdaşlıq məsələləri müzakirə edəcəklər. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.
“Sədr fon der Lyayen, baş nazir Nikol Paşinyan və dövlət katibi Blinkenin görüşü cari il aprelin 5-də Brüsseldə planlaşdırılır. Görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Tədbir həmçinin Ermənistanın dayanıqlığının artırılmasına yönəlib", - Qriqoryan “Armenpress" dövlət informasiya agentliyinə bildirib.
5 oktyabr 2023-cü ildə Paşinyan və fon der Lyayen Qranadada keçirilən görüşdən sonra birgə bəyanat dərc ediblər. AK sədri, xüsusilə, Ermənistanı dəstəkləmək üçün Aİ-ABŞ tədbirinin hazırlanması barədə məlumat verib. **