Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Məhəmməd İşaq Dar ilə görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, həmrəylik və hörmətə əsaslanan ikitərəfli dostluq münasibətlərini, əməkdaşlıq perspektivlərini, habelə bölgədəki cari vəziyyəti müzakirə ediblər.
“İki ölkə arasında əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bütün istiqamətlərdə ali və yüksək səviyyəli səfərlərin, o cümlədən təmasların əhəmiyyəti vurğulanıb”, - məlumatda deyilir.
Diplomatlar qeyd ediblər ki, Azərbaycan və Pakistan arasında iqtisadiyyat, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın geniş potensialı mövcuddur.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.**
X.Nəsirzadə