2024-cü ilin yanvar-fevral aylarında Çindən Azərbaycana sərnişin daşımaları üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artaraq təxminən 2 min ədəd təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına istinadən xəbər verir.
Hesabat dövründə ixracın dəyəri 2,5 dəfə artaraq təxminən $46,9 milyon təşkil edib.
Yanvar-fevral aylarında Çindən Azərbaycana 460 ədədə yaxın elektromobil (artım 4,3 dəfə) ixrac edilib. İxracın dəyəri 5,3 dəfə artaraq $18,5 milyon təşkil edib.
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ildə Çindən Azərbaycana sərnişin daşımaları üçün nəzərdə tutulmuş $157,2 milyon dəyərində 7,7 min ədədə yaxın minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi tədarük edilib.*
R.Kərimov