BMT Təhlükəsizlik Şurası ABŞ-ın Qəzza zolağında atəşkəsə nail olmağa yönəlmiş diplomatik səylərin dəstəklənməsi üzrə qətnamə layihəsini Rusiya və Çinin veto qoyması ilə əlaqədar qəbul etməyib.
Qətnamənin lehinə 11 ölkə, əleyhinə isə 3 ölkə, o cümlədən veto hüququna malik Rusiya və Çin səs verib, 1 ölkə bitərəf qalıb.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib ki, Rusiya və Çin sadəcə ABŞ-ın təklif etdiyi qətnamənin lehinə səs vermək istəməyib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə bu qətnaməni ikiüzlü təşəbbüs adlandıraraq RF-nin belə bir layihəni dəstəkləyə bilməyəcəyini söyləyib.
Öz növbəsində, ABŞ artıq üç dəfə BMT-nin Qəzza zolağında dərhal atəşkəsə çağırış edən qətnamə layihələrinə veto qoyub. Belə ki, Vaşinqton ötən ilin oktyabr və dekabr aylarında Rusiya və BƏƏ-nin hazırladığı sənədləri dəstəkləməyib, bu ilin fevralında isə Əlcəzairin Qəzzada atəşkəsə çağırışın öz əksini tapdığı qətnamə layihəsini bloklayıb.*