Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Crocus City Hall”da törədilmiş terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
“Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı. Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralananlara isə tezliklə şəfa diləyirəm”, - deyə Azərbaycan liderinin saytında dərc olunmuş başsağlığı məktubunda bildirilib.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib ki, ilkin məlumata görə, “Crocus City Hall” kompleksində Rusiya musiqi qrupunun konsertindən əvvəl atışma başlayıb və daha sonra yanğın baş verib. Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da atışma ilə əlaqədar terror aktı maddəsi ilə cinayət işi açıb.
İlkin məlumata görə, terror aktı nəticəsində 40 nəfər ölüb, 100 nəfərdən çox insan yaralanıb.*
Xəbərlər şöbəsi