Prezident İlham Əliyev Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərifə 23 mart − Pakistan Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Əliyev qeyd edib ki, Pakistan Azərbaycanın yaxın dostu, qardaşı və etibarlı tərəfdaşıdır. Bakı böyük potensiala malik dövlətlərarası əlaqələrin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığın daha da dərinləşməsinə xüsusi önəm verir.
“Ali səviyyədə qarşılıqlı anlaşma və intensiv siyasi dialoq bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır. (...) Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Pakistanın davamlı dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı hər zaman yüksək qiymətləndirir”, - deyə dövlət başçısı bildirib.
O əlavə edib ki, hazırda istər iqtisadi-ticari, istərsə də nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişlənməsi üçün yaxşı şərait mövcuddur.
“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirmək və strateji tərəfdaşlığımızı daha da dərinləşdirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə Əliyev vurğulayıb.*
X.Nəsirzadə