Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı ilə bağlı dəstək ifadə edən sözlərə görə Azərbaycan liderinə təşəkkürünü bildirib və praktiki qarşılıqlı fəaliyyətin strateji tərəfdaşlıq ruhunda möhkəmləndirilməsinə hazır olduğunu qeyd edib. Bu barədə Rusiya dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vladimir Putinlə telefon danışığı zamanı “Crocus City Hall” konsert kompleksində yüzdən çox dinc vətəndaşın həyatına son qoyan terror aktını qətiyyətlə pisləyib, onların yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını arzulayıb.
“İlham Əliyev Azərbaycan xalqının bu ümummilli matəm günündə Rusiya xalqı ilə həmrəy olduğunu vurğulayıb və cinayətkarların və onların arxasında dayananların cəzalarını alacaqlarına əminliyini ifadə edib”, - deyə məlumatda bildirilir.
“Vladimir Putin dəstək ifadə edən sözlərə görə təşəkkürünü bildirib və iki dövlət arasında praktiki qarşılıqlı fəaliyyətin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda daha da gücləndirilməsinə hazır olduğunu qeyd edib”, - deyə məlumatda vurğulanır.*