“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 137 nəfərə çatıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“Meyitlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. İndiyə kimi 62 meyitin kimliyi müəyyən edilib”, – deyə məlumatda bildirilir.
Qeyd olunub ki, hadisə yerinə baxış zamanı minalanmış meyit və digər minalanma izləri aşkarlanmayıb.
“Zərərçəkənlərlə istintaq hərəkətləri aparılır. Terror aktının baş verdiyi gün konsert kompleksində olan şəxslərə şəxsi əşyaların, sənədlərin və avtomobillərin təhvil verilməsi üzrə işlərə başlanılıb”, - deyə qurumdan bildirilib.
Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall”da konsert başlamazdan əvvəl naməlum şəxslər binaya girərək atəş açıblar. Binada yanğın baş verib.
RF Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə 11 nəfərin, o cümlədən terror aktının törədilməsində bilavasitə iştirak etmiş 4 terrorçunun saxlanıldığı barədə məruzə edib.*