Avropa İttifaqı İsrailin məskunlaşma siyasətini növbəti dəfə pisləyərək onun Fələstin ərazisinin bir hissəsini “dövlət torpağı” elan etməsinin qəbuledilməz olduğunu bildirib.
“Avropa İttifaqı İsrailin maliyyə naziri Bezalel Smotriçin işğal olunmuş Fələstin ərazisindəki 800 hektardan çox torpağın “dövlət torpağı” elan edilməsi ilə bağlı açıqlamasını qətiyyətlə pisləyir”, - deyə Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsinin bu gün Brüsseldə dərc olunmuş bəyanatında bildirilir.
Nümayəndə qeyd edib ki, yaşayış məntəqələrinin salınması beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.
“Avropa Şurasının bu həftə keçirilən iclasında Aİ liderləri İsrail hökumətinin işğal olunmuş Qərb sahilində (İordan çayı) qeyri-qanuni yaşayış məntəqələrinin daha da genişləndirilməsi ilə bağlı qərarlarını pisləyib və İsraili bu qərarları ləğv etməyə çağırıblar. Aİ ümumi mövqeyinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq 1967-ci il sərhədlərininin tərəflərin razılığı olmadan dəyişdirilməsini qəbul etməyəcək”, - deyə bəyanatda qeyd olunur.
Bu mövqe Aİ-nin İsrailin təhlükəsizliyinin təmin edilməsinə sadiqliyi və oktyabrın 7-də mülki İsrail vətəndaşlarına edilmiş dəhşətli hücumların heç vaxt təkrarlanmamasını təmin etməklə müşayiət olunur.
“Aİ HƏMAS-ı qəti şəkildə qınayır və terrorla həm sözdə, həm də əməldə mübarizə aparmaqda qərarlıdır. Yaşayış məntəqələrinin genişləndirilməsi isə bu məqsədə ziddir”, - deyə rəsmi nümayəndə əlavə edib.*