Rusiya xüsusi xidmət orqanları «Crocus Sity Hall»dakı terror aktını müstəqil araşdırır, hazırda qərb ilə heç bir əlaqə yoxdur. Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
«Xeyr, xüsusi xidmət orqanlarımız müstəqil işləyir, indi heç bir kömək barədə söhbət getmir», - Peskov jurnalistlərə bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, prezidentin həmkarları ilə çoxsaylı telefon danışıqları olub. «Terrorizmə qarşı mübarizə sahəsində məhz ikitərəfli əməkdaşlığı təkmilləşdirmək və gücləndirmək niyyəti ifadə olunub», - Peskov bildirib. Eyni zamanda o əlavə edib ki, «hazrda qərb ilə heç bir əlaqə yoxdur».
Mart ayında Rusiyada hazırlanan terror aktları barədə xəbərdarlıq edən Kremlə ABŞ-ın konkret kəşfiyyat məlumatları təqdim olunubmu sualına cavabında Peskov deyib: "Kəşfiyyat məlumatları heç vaxt Kremlə verilmir, onlar xüsusi xidmət kanalları vasitəsilə - xüsusi xidmət orqanlarından xüsusi xidmət orqanlarına verilir. Buna görə də bu, təbii ki, açıqlanmayan həssas informasiya kateqoriyasına aiddir". **