ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda İsrailin müdafiə naziri Yoav Qallantla görüşdə Qəzza zolağının cənubundakı Rəfah şəhərində planlaşdırılan əməliyyata qarşı çıxıb və alternativin olduğunu bildirib. Bu barədə Dövlət Departamenti məlumat yayıb.
“Dövlət katibi HƏMAS-ın məhv edilməsinin təmin olunmasına ABŞ-ın dəstəyini təsdiqləyib, eyni zamanda, Rəfahda 1,4 milyondan çox dinc fələstinlinin rifahını daha da təhlükə altına qoyacaq genişmiqyaslı quru əməliyyatına qarşı olduğunu söyləyib”, - deyə məlumatda bildirilir.
Blinken genişmiqyaslı quru əməliyyatının İsrailin təhlükəsizliyini daha yaxşı təmin edəcək və mülki fələstinliləri qoruyacaq alternativinin olduğunu vurğulayıb.
Qeyd olunur ki, dövlət katibi Qəzzanın mülki əhalisinin ehtiyaclarının təmin edilməsi üçün humanitar yardımın dərhal artırılmasının vacibliyini də müzakirə edib.
Qeyd edək ki, cümə günü İsrailin baş naziri Benyamin Netanyahu Blinkenlə görüşdən sonra bəyan edib ki, İsrail Vaşinqtonun dəstəyi olmadan da Rəfahda əməliyyat keçirməyə hazırdır.*