Husilər son 72 saat ərzində ABŞ-ın iki esminesinə və dörd ticarət gəmisinə hücum ediblər. Bu barədə Qərb KİV-ləri qiyamçıların hərbi nümayəndəsi Yəhya Sareaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “Ənsar Allah” qruplaşması Qırmızı dənizdə və Ədən körfəzində ABŞ və ya Britaniya ilə əlaqəli hesab etdiyi “Maersk Saratoga” və “APL Detroit” konteyner gəmilərinə, həmçinin “Huang Pu” tankerinə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib. Bundan başqa, husilərin versiyasına görə, İsrailə gedən “Pretty Lady” gəmisi də hücuma məruz qalıb.
Sarea əlavə edib ki, “Ənsar Allah” qruplaşması İsrailin Eylat şəhərinə də hücum edib.
Ötən bazar günü ABŞ Mərkəzi Komandanlığı husilərin Çinə məxsus “Huang Pu” tankerinə raket atdığını bildirib.
KİV-lər qeyd edir ki, “APL Detroit” Simqapur, “Pretty Lady” isə Malta bayrağı altında üzür.*