2024-cü ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 35,960 milyon barel neft ixrac edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BOTAS International Limited” şirkətindən (BIL – BTC-nin Türkiyə hissəsinin operatoru) məlumat verilib.
2023-cü ilin yanvar-fevral aylarında BTC neft kəməri ilə 35,049 milyon barel neft nəql edilib. Beləliklə, 2024-cü ilin yanvar-fevral aylarında BTC ilə netf nəqlinin həcmi 2,6% artıb.
Şirkətin məlumatına görə, fevralda BTC ilə 17,042 milyon barel neft (2023-cü il fevral ayı ilə müqayisədə +7,3% - İF) ixrac edilib.
Xəbər verildiyi kimi, 2023-cü ildə BTC ilə 228,811 milyon barel neft (2022-ci illə müqayisədə +1,5%) ixrac edilib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də digər mənbələrdən neft BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2,36%) şirkətləridir.**
N.Abbasova