Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) spikeri Ayxan Hacızadə Anders Foq Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edib.
Çərşənbə günü XİN-in nümayəndəsi Danimarkanın keçmiş baş naziri və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddiaları rədd edib.
Onun sözlərinə görə, hesabatın müəllifləri bütün faktları təhrif edirlər və “absurd təbliğatla” məşğul olurlar.
“Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir”, - XİN Hacızadənin sözlərindən sitat gətirir.
O əlavə edib ki, “Ermənistan Respublikası hökuməti “RasmussenGlobal”ın müştərisi kimi, bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib”.
XİN-in nümayəndəsi vurğulayıb ki, Azərbaycan tərəfi “sözügedən birtərəfli mövqenin, eyni zamanda bütün mövcud faktlara heç bir məhəl qoyulmamasının Ermənistandakı revanşist qrupları Azərbaycana qarşı daha radikal mövqe tutmağa sövq etməklə yanaşı, cəmiyyətdə “Qərbin” sülh prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəklədiyi illüziyası yaratdığı qənaətindədir”.
“Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları bir daha Ermənistan tərəfinin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir”, - XİN-in spikeri davam edib.
Onun sözlərinə görə, “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi Avropa təsisatları da daxil olmaqla, müəyyən dar düşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kampaniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət etmir”.
“Bunun əvəzinə, Ermənistan hökuməti və erməni lobbi qrupları regionda əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidirlər”, - Hacızadə hesab edir. **
İnformasiya şöbəsi