2023-cü ildə Türkiyənin “Petkim” neft-kimya holdinqinin xalis mənfəəti 2022-ci ildəki 1 milyard 280,543 milyon lirə məbləğində zərərə qarşı 7 milyard 389,998 milyon lirə təşkil edib.
“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəmə şirkəti - İF-Az) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir.
“İnterfaks-Azərbaycan” agentliyi holdinqin materiallarına istinadən xəbər verir ki, 2023-cü ildə “Petkim”in gəliri 60 milyard 441,264 milyon TL (azalma 38,2%), satışların maya dəyəri 62 milyard 769,546 milyon TL (azalma 35,5%), ümumi zərəri 2022-ci ildə 606,826 min TL məbləğində ümumi mənfəətə qarşı 2 milyard 328,282 milyon TL təşkil edib.
Ötən il “Petkim”in əsas əməliyyat zərəri 6 milyard 631,059 milyon TL (artım 4,5 dəfə), maliyyə əməliyyatları nəzərə alınmaqla vergiyəqədərki mənfəəti 9 milyard 277,429 milyon TL (2022-ci ildə 3 milyard 885,112 milyon TL məbləğində zərərə qarşı) təşkil edib.
Hesabata əsasən, şirkət 2023-cü ildə 1 milyard 863,787 milyon TL mənfəət vergisi ödəyib, nəticədə ilin yekunları üzrə holdinqin xalis mənfəəti 7 milyard 389,998 milyon TL təşkil edib.
2023-cü il dekabrın 31-nə “Petkim”in aktivləri 95 milyard 790,584 milyon TL (2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 7,2%), qısamüddətli aktivləri 20 milyard 334,037 milyon TL (azalma 64,4%), uzunmüddətli aktivləri 75 milyard 456,547 milyon TL (artım 63,7%) təşkil edib.
Holdinqin öhdəlikləri 44 milyard 402,457 milyon TL (azalma 24,4%), kapitalı 51 milyard 388,127 milyon TL məbləğində (artım 15,4%) qiymətləndirilir. “Petkim”in səhmdar kapitalı 2 milyard 534,4 milyon TL-yə (dəyişməyib) bərabərdir.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında dövriyyədədir.*
N.Abbasova