2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu DTX-nin rəisi general-polkovnik Əli Nağıyev deyib.
Ə.Nağıyev bu gün rəsmi mətbuatda dərc olunmuş məqaləsində qeyd edib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq və Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub.
O əlavə edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.*
R.Kərimov