Nazirlər Kabineti martın 27-də taksi minik avtomobili ilə sərnişin daşımalarına dair yeni tələbləri təsdiqləyib.
Qərara əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.
Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.
Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyən etməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz ilə təchiz edilməlidir. Taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır.
Hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.
Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.
Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının olması təmin edilməlidir.
Bu tələblərin böyük hissəsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
Baş nazir Əli Əsədovun imzaladığı sənəd Nazirlər Kabinetinin saytında dərc olunub.*
X.Nəsirzadə