“Crocus City Hall”da törədilmiş terror aktına görə yalnız İŞİD terror qruplaşması məsuliyyət daşıyır. Qərb KİV-ləri xəbər verir ki, bunu Ağ Evin müşaviri Con Kirbi deyib.
“İŞİD tam məsuliyyət daşıyır”, - deyə o, terror aktında şübhəli bilinənlərin Ukrayna ilə əlaqələrinin olması ilə bağlı Moskvanın bəyanatlarına münasibət bildirərkən söyləyib.
C.Kirbi qeyd edib ki, ABŞ mümkün hücumla bağlı Rusiyaya yazılı xəbərdarlıq edib.
Bundan əvvəl Rusiya İstintaq Komitəsindən bildirilmişdi ki, “Crocus City Hall”da törədilmiş terror aktında şübhəli bilinənlərdən müsadirə edilmiş texniki qurğulardakı məlumatlar onların Ukrayna tərəfi ilə əlaqələrinin olduğunu təsdiq edir.
“İstintaqda terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə edilən xeyli miqdarda pul və kriptovalyuta almaları barədə məlumatlar təsdiqlənib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Bir neçə silahlı şəxs ziyarətçilərə atəş açıb və yanğın törədiblər. Son məlumata görə, terror aktı nəticəsində 143 nəfər ölüb, 180-dən artıq adam yaralanıb.*