Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında növbəti görüş mayın ortalarında keçiriləcək.
“Biz növbəti görüş barədə razılığa gəldik. Növbəti görüşün may ayının ortalarında keçiriləcəyi ilə bağlı ilkin razılaşma var”, - deyə Simonyan bu gün İctimai Televiziyanın efirində bildirib.
Onun sözlərinə görə, görüş Parlamentlərarası İttifaqın meydançasında baş tuta bilər.
“Həm bizim, həm də Azərbaycan tərəfi üçün Parlamentlərarası İttifaq arzuolunan platformadır, onlar müdaxilə etmir və yalnız meydança təqdim edirlər”, - deyə Simonyan qeyd edib.
Qafarova və Simonyan martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində görüşüblər. Görüşdə iki ölkə parlamentlərinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.*