2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8,3 milyard təşkil edib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
“2023-cü ilin nəticələrinə əsasən, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8,3 milyard və ya ÜDM-in 11,5%-ni təşkil edir”, - Nəsirov cümə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə profisit 64,7%və ya 2,8 dəfə azalıb ki, bu da 2023-cü ildə dünya bazarında neft və qazın ucuzlaşması ilə əlaqədardır.
Xüsusilə, AMB-nin saytında dərc olunmuş tədiyə balansının məlumatına görə, 2023-cü ildə Azərbaycan neftinin bir barelinin orta qiyməti 2022-ci ildə $103,7-yə qarşı $85,9 təşkil edib.
Neft-qaz sektoru üzrə profisit $17 milyard 91,5 milyon (azalma 40,4%), qeyri/neft-qaz sektoru üzrə kəsir $8 milyard 762,1 milyon (artım 68,9%) təşkil edib.
AMB-nin məlumatına görə, 2023-cü ildə xarici ticarət dövriyyəsinin həcmi $45,6 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $12 milyard 805,6 milyon (azalma 55,4%) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 13,4%-i MDB, 86,6%-i uzaq xarici ölkələrin payına düşüb.
$29 milyard 202,1 milyon həcmində ixracın (azalma 30,8%) strukturunda neft-qaz ixracı $25 milyard 935 milyon (azalma 34%), neft ixracı $16,8 milyard, qaz ixracı $8,4 milyard, neft məhsullarının ixracı $0,7 milyard təşkil edib.
$16 milyard 396,5 milyon həcmində idxalın (artım 21,4%) strukturunda $6 milyard 477,3 milyon istehlak mallarının, o cümlədən $1 milyard 987,1 milyon ərzaq mallarının payına düşüb. Hesabat dövründə ölkəyə $656,2 milyon dəyərində (artım 11,4%) və ya bütün idxalın 4%-i səviyyəsində avadanlıq və xüsusi mallar idxal edilib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti rekord $23 milyard 478,1 milyon (2021-ci ilin göstəricisindən +2,8 dəfə) və ya yüksək neft və qaz qiymətləri fonunda ÜDM-in 23,5%-ni təşkil edib. **
X.Nəsirzadə, A.Əzizov