Sosial Tədqiqatlar Mərkəzi (STM)tərəfindən aparılan sorğuya əsasən, respondentlərin 95,8%-i hazırda Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inanır.
Sorğu cari ilin mart ayında telefon ilə müsahibə üsulu ilə Azərbaycanın 12 iqtisadi rayonunda aparılıb. “İnterfaks-Azərbaycan” xəbər verir ki, sorğuda yaşı 18-dən yuxarı olan 390 respondent iştirak edib.
Eyni zamanda, respondentlərin 3.6%-i inanmadığını bildirib, 0.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
STM xatırladıb ki, Ermənistan Azərbaycanın 8 kəndini - Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndini işğal altında saxlayır. Bu 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.
Xəbər verildiyi kimi, rəsmi Bakı İrəvandan işğal altındakı 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı - İF)azad edilməsini tələb edir.Onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir
Bundan əlavə, Bakıda qeyd edirlər ki, Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki - İF) azad edilməsi məsələsi Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesi çərçivəsində həll olunacaq. **
R.Kərimov