2024-cü ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 52,2 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2023-cü ilin yanvar-fevral aylarının göstəricisindən 23,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Fevralda İKZF-nin müvəkkil bankları tərəfindən 36,1 milyon manat məbləğində ipoteka krediti verilib.
Yanvar-fevral aylarında İKZF 47,9 milyon manat məbləğində krediti (azalma 32,6% - İF) təkrar maliyyələşdirib.
Bu dövrdə İKZF ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 21,9 milyon manat vəsait (2023-cü ilin yavar-fevral aylarının göstricisinə uyğundur) alıb.
Hesabat dövründə İKZF 50 milyon manat (2023-cü ilin yanvar-fevral aylarında Fond tərəfindən istiqraz yerləşdirilməyib - İF) məbləğində istiqraz yerləşdirib.
Fevralda AMB tərəfindən verilmiş ipoteka kreditinin orta həcmi 61 min 684,7 manat (2023-cü ildə - 59,872 min manat, yanvarda – 61,056 min manat - İF) təşkil edib. Kreditlər 281,5 ay müddətinə və illik 6,34% dərəcəsi ilə verilib. Aylıq ödəniş 432,9 manat təşkil edib.
2023-cü ildə İKZF-nin müvəkkil bankları tərəfindən 461,4 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
R.Əhmədov