Azərbaycan həm özünün təbii sərvətləri, həm də daha qiymətli olan böyük insan resursları - elm, mədəniyyət və incəsənət sahəsində istedadları ilə zəngindir. Belə istedadlı insanlardan biri sağlığında oxucuların sevgisini qazanmış, həm vətənində, həm də onun hüdudlarından kənarda tanınmış yazıçı, roman, povest, hekayə və bir çox filmlərin ssenari müəllifi Natiq Rəsulzadədir.
Beləliklə, yazıçı, dramaturq, ssenarist, “Şöhrət” ordeni kavaleri Natiq Rəsulzadə 65 illik yubileyi ərəfəsində “İnterfaks-Azərbaycan” agentliyinə müsahibə verib.
- Yaradıcılıq yolunuzu necə səciyyələndirərdiniz, nədən razı, nədən narazı qalmısınız?
- Mən xasiyyətcə həmişə nədənsə narazı insanam, lakin bu, daha çox yaradıcılığa aiddir, mənə həmişə elə gəlir ki, düşündüyümün əksini etmişəm, daha yaxşı, daha incə, daha maraqlı yazmaq olardı. Mənim əməkdaşlıq etdiyim insanlar, jurnal, qəzet və nəşriyyatların redaktorları yaxşı bilirlər ki, mən tez-tez artıq hazır hesab olunan əsərləri geri istəyərək yenidən üzərində işləmişəm. Lakin eyni zamanda mən başa düşürəm ki, bir əsər üzərində bütün ömür boyu işləmək olar və yalnız o zaman bu işə nöqtə qoyuram ki, ürəyimdə, fikirlərimdə yeni bir əsər yaranır, üzə çıxmaq istəyir və deməli, yeni işə başlamaq lazımdır. Ancaq ümumiyyətlə yaradıcılıq yolundan danışsaq, mən razıyam. Ona görə razıyam ki, həmişə, hətta yazıçılıq fəaliyyətinə yeni başladığım gənc yaşlarımda belə çalışmışam ki, tam hazır olmayan, zəif əsər çap etdirməyim və bir ay öncə yaxud 45 il əvvəl işıq üzü görmüş əsərlərim mənim üçün eyni dərəcədə peşəkarlıqla yazılıb. Əlbəttə, dünya klassikləri də daxil olmaqla istənilən yazıçının yaradıcılığında zirvə nöqtəsi sayılan və zəif əsərlər var, lakin o zirvə sayılan əsərlərə nisbətən zəif hesab olunan əsərlər də maraqlıdır və uzunömürlü olmağa layiqdir.
-Hər bir incəsənət adamının arzusu var. Siz öz yaradıcılıq arzunuzu reallaşdıra bilmisinizmi?
-Xeyr və mənə elə gəlir ki, bu, mümkün deyil. Əsas arzu deyil, arzuya aparan yoldur. Bu yolda çoxlu maraqlı, öyrənməli nələrsə var, buna görə də var gücünlə məqsədə, arzuya doğru qaçmaq lazım deyil, ən vacibi odur ki, bu yolla gedərkən yol kənarında olanları görəsən, hər şeyi görəsən, çünki bu elə həyatın özüdür. Mən deyərdim ki ətrafda olanları görmədən bir məqsəddən, arzudan digərinə qaçmaq yaradıcı insan üçün zərərlidir. Getdiyin yol əgər başdan düzgün seçilibsə, bu, elə sənin məqsədindir, arzundur.
- Bu gün nə üzərində işləyirsiniz?
Deyə bilmərəm. 45 ildən çoxdur ki, mən bu məsələdə islaholunmaz xürafatçıyam. Bitməmiş kitablar barədə danışmağı sevmirəm, bu, rüşeym barədə danışmaq kimidir, qoy uşaq doğulsun, o zaman bilmək istədiyiniz hər şeyi danışaram. Hələlik bir onu deyə bilərəm ki, fasilə vermədən, müntəzəm işləyirəm, çalışıram ki, əsərlərim bir-birlərini təkrarlamasın, daha maraqlı, yeni, orijinal, bəzən ziddiyyətli fikirlərə malik olsunlar ki, mənim oxucum və ilk növbədə mən özüm razı qalaq, bu onilliklər ərzində müşahidə edildiyi kimi, oxucularda zaman-zaman mənim əsərlərimi təkrar oxumağa ehtiyac yaransın.
- Ad gününüzü adətən necə qeyd edirsiniz? Bu günə qədər aldığınız ən orijinal və yadda qalan təbrik necə olub?
- Ad günümü müxtəlif şəkildə qeyd edirəm. Bəzi yubileylərimi təntənəli qeyd etmişəm, məşhur qonaqlarım olub, xoş sözlər, təriflər söyləyiblər. Lakin iş burasındadır ki, illər keçdikcə insanın bu və ya digər hadisələrə qarşı baxışları dəyişir, indi ad günümü mümkün qədər sadə keçirmək istərdim. Çünki 65 il əvvəl mənim dünyaya gəlişim hadisə olubsa, qoy bu barədə ilk növbədə mənim bütün dünyaya səpələnmiş oxucularım danışsınlar. Vaxt gəlir ki, əvvəlki dəyərləri yenidən gözdən keçirməli olursan və düşünürsən ki, bunlar doğrudanmı dəyərli idi? Bacardıqca sadə keçirmək lazımdır. Bu mənada ən parlaq nümunə bizim prezidentimizdir. Dövlət başçısının Vətən qarşısında xidmətlərini nəzərə alaraq düşünmək olar ki, o, ad günlərinin, yubileylərinin təmtəraqla keçirilməsinə daha çox layiqdir, lakin görürsünüz, o, öz şəxsi bayramlarına nə qədər təvazökar yanaşır..
Sualınızın ikinci yarısına gəlincə, gəncliyimdə çoxlu orijinal təbriklər almışam. Uzun illər əvvəl mənə uzaq bir şəhərdə yaşayan bir qızın yanına getmək imkanı verilmişdi, bu səfər nəticəsində o qız mənə yaxın oldu və az qala bütün həyatımı dəyişəcəkdi.
-Sizcə, yazıçının missiyası nədən ibarətdir?
Yaxşı sualdır, bir çox yazıçılar, xüsusən gənclər hesab edirlər ki yazıçının əsas missiyası məşhur olmaqdır, müxtəlif telekanallarda lazım gəldi, gəlmədi çıxış etməkdir, tanınmaqdır. Bu, düzgün yol deyil və sonu dalana dirənir. Yazıçı özünü ucuz, populist söz-söhbətlərlə deyil, yaradıcılığı, kitabları ilə təsdiq etməlidir. Yazıçının əsl missiyası isə yaxşını pisdən, qaranı ağdan, qurunu sudan ayırmaqdır, necə ki, Allah ayırıb və deyib: “Bu yaxşıdır”. Sözlərim çox ibarəli görünməsin, axı hər bir istedadlı yazıçı yaratdığı aləmdə tanrıdır və o, öz aləmini, dünyasını yaradaraq bizim gerçək dünyamızda nəyin yaxşı, nəyin pis olduğunu göstərməlidir və bunu elə təsirli şəkildə etməlidir ki, oxucuları silkələsin, onun kitabını oxuyan oxucu yaxşıdan nümunə götürsün, pisə nifrət etsin.
Özünüzü hansı yaşda hiss edirsiniz?
- Demək çətindir. Çox şeydən asılıdır. İşlər yaxşıdırsa, hər şey yolunda gedirsə, uşaqlar sağlam və hər şeydən razıdırlarsa, mən özümü çox gənc hiss edirəm və əksinə. Və bu “əksinə”nin çox nadir hallarda olmasını istəyirəm.
Maraqlı söhbətə görə təşəkkür edirik. 65 illik yubileyiniz münasibəti ilə “İnterfaks-Azərbaycan” agentliyinin kollektivinin səmimi təbriklərini qəbul edin.
Bayramov Skopye şəhərinə səfərə yola düşüb
Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib
Əliyev Təhlükəsizlik Şurasının katibi xidmətinə şöbə müdiri təyin edib
“Yelo Bank” Masallıda rəqəmsal konseptli filial açıb
Manat avro və lirəyə qarşı bahalaşıb, rubla qarşı ucuzlaşıb
27-28 noyabr tarixlərində “MuğanBank”ın əmanətçilərinə 100 milyon manat kompensasiya ödənilib
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
“Azərsu” İsmayıllıda bir neçə kəndin su təchizatının yaxşılaşdırılması üçün podratçı seçir
Qüdsdə atışma nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb
İsrail və HƏMAS arasında atəşkəs rejimi uzadılıb
İsrail Müdafiə Ordusu HƏMAS-a qarşı əməliyyatın növbəti mərhələsinə hazırdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və NEQSOL Holding Anlaşma Memorandumu imzalayıb
Yelo Bank-ın “Yelaw Boot Camp” proqramının iştirakçıları seçildi
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək