Rusiya, Türkiyə və İran Qarabağ münaqişəsinin nizamlanmasında Avropa İttifaqı ilə müqayisədə daha uğurla vasitəçilik edə bilər. MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev belə hesab edir.
“Vəziyyətə ümumilikdə nəzərə saldıqda qeyd etmək lazımdır ki, Aİ hələ ki, xüsusilə təhlükəsizlik sahəsində müstəqil oyunçu deyil. Rusiya, Türkiyə və İran regionda yeni blokdankənar təhlükəsizlik sisteminin yaradılması barədə razılığa gələ bilsələr, bu məsələdə daha çox uğur qazana bilərlər”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
“ATƏT-in Minsk qrupunun fəaliyyəti davam etdiyi müddətdə Qarabağ münaqişəsinin nizamlanması məsələsində Avropanın rolu böyük deyil (burada yalnız Fransa Aİ-nin üzvdür). Lakin Madrid prinsipləri hətta dəyişdirilmiş şəkildə belə işləmir. Buna görə də “Hərtərəfli sülh sazişi”nin hazırlanmasında Minsk qrupunun üzvlərinin rolu artır. ABŞ-ın Fransa istisna olmaqla Avropa dövlətlərinə bu prosesdə iştirak etmək üçün nə dərəcədə icazə verəcəyi başqa məsələdir”,- deyə V. Yevseyev qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/635826 ünvanında tanış ola bilərsiniz.
F. Hüseynzadə