XXI əsrin üçüncü onilliyini cəsarətlə Azərbaycan dövrü adlandırmaq olar. 2020-ci ildən, xüsusilə ilin ikinci yarısından etibarən Azərbaycan öz fəaliyyəti ilə Cənubi Qafqazda ciddi dəyişikliklərin və proseslərin katalizatoruna çevrilib.
2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi göstərdi ki, regionda dəyişikliklərin vaxtı gəlib çatıb. Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə inamlı qələbəsi ilə başa çatan müharibə nəticəsində rəsmi Bakı 1994-cü ildən bəri bölgədə mövcud olan status-kvonu tarixin zibilliyinə atmağa müvəffəq oldu.
Müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü də bərpa etdi. Lakin onun nəticələri hamını qane etmədi, ölkə daxilində və onun hüdudlarından kənarda cari proseslərin təhlili və uzaqgörənliklə bağlı problemləri olan ayrı-ayrı şəxslər hesab edirdilər ki, 2020-ci ilin noyabr ayında hərbi əməliyyatların dayandırılması Azərbaycana öz qələbəsini tam möhkəmləndirməyə imkan verməyib. Əslində isə 2020-ci ilin noyabr ayı Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatın başa çatdığı və 2023-cü ildə ölkənin suverenliyinin tam bərpası ilə nəticələnən proseslərə start verildiyi ay oldu.
Sözsüz ki, Azərbaycan 2021-2023-cü illərdə dəfələrlə hərbi gücdən istifadə etməyə məcbur olub. Məqsəd diplomatik dili anlamaq istəməyən Ermənistana və onun Qarabağdakı marionet rejiminə, eləcə də İrəvanın qeyri-regional dəstəkçilərinə 2020-ci ilin payız hadisələrinin əvvəlki miqyasda olmasa da, sırf profilaktik məqsədlərlə hər zaman təkrarlana biləcəyini göstərmək olub.
Təəssüf ki, Ermənistan son üç ildə də öz sevimli işi – danışıqların imitasiyası ilə məşğul olub. Bu xüsusiyyət Ermənistanda mövcud olmuş əvvəlki hakimiyyətlər üçün səciyyəvi idi, lakin 2018-ci ildə hakimiyyətə gələn yeni rəhbərlik Ter-Petrosyan, Köçəryan və Sarkisyandan geri qalmamağa qərar verərək, kiminsə onlara kömək edəcəyi ümidi ilə vaxtı uzatmaqla məşğul olub. Məhz bu səbəbdən sülh prosesinin son üç ili müəyyən müsbət dəyişikliklər olsa da, nəticə etibarilə əsas hədəfə - Azərbaycanın Qarabağ iqtisadi bölgəsində qanunsuz separatçı rejimin ləğv edilməsinə gətirib çıxarmadı.
2020-ci ilin noyabrından sonra aydın oldu ki, rəsmi Bakı separatçıların onlar üçün heç bir perspektivin olmadığını başa düşəcəklərini oturub gözləməyəcək. Buna görə də Azərbaycan hakimiyyəti separatçı rejimin ləğvi prosesini sürətləndirmək üçün metodik surətdə siyasi təzyiqi artırır, lazım olan vaxtda və yerdə hərbi gücdən istifadə edirdi.
2023-cü il bu fəaliyyətin apofeozu oldu, onu Azərbaycanın ən yeni tarixində unikal il adlandırmaq olar. 2023-cü ilin aprelində Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi yaratdı və bununla da separatçıları kənardan hər hansı hərbi yardım almaq imkanından məhrum etdi. Buraxılış məntəqəsinin açılması son üç ildə Azərbaycanın fəaliyyətinin məntiqinə tam uyğun idi. Doğrudur, buna görə Azərbaycana kənardan güclü təzyiqlər göstərilsə də, ölkəmiz yalnız beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərib və qonşu ölkələrin konkret nümunələri əsasında kollektiv Qərbə və digərlərinə daim sübut edib ki, onlar Azərbaycana qarşı açıq-aydın ikili standartlar siyasəti yürüdür. Bu il Tehran, Paris və Vaşinqtonla münasibətlərdəki gərginlik Bakının öz qanuni maraqlarını müdafiə etməyə hazır olduğunu və bunun üçün hər şeyi edəcəyini açıq şəkildə göstərir.
Əlavə edək ki, 2020-2023-cü illərdə Ermənistanın və onun havadarlarının, ilk növbədə, Fransanın BMT Təhlükəsizlik Şurası vasitəsilə Azərbaycan əleyhinə qərarların qəbul edilməsi ilə bağlı 7 cəhdi uğursuzluqla nəticələnib. Digər beynəlxalq institutlar vasitəsilə də Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsinə cəhdlər olub. Onlardan bəziləri hətta Azərbaycan əleyhinə hansısa kağız parçaları qəbul edib, Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq edilməsini tələb ediblər. Bəs indi onlar haradadır? BMT Təhlükəsizlik Şurası səviyyəsində regiondakı vəziyyətlə bağlı son iki müzakirə erməniyönlü teatr tamaşaları üçün fiasko ilə başa çatdı və göstərdi ki, Emmanuel Makron zəif prodüser və ssenari müəllifidir, onun qabiliyyəti yalnız müəyyən yaş məhdudiyyəti olan filmlərlə məhdudlaşır.
Artıq 2023-cü ilin yayında faktiki olaraq aydın idi ki, Qarabağ separatçılarının sayılı günləri qalıb və son akkord uzaqda deyil. Hələ iyun ayında Azərbaycanın müdafiə naziri Zakir Həsənov bəyan etmişdi ki, erməni separatçılarının yüksək döyüş qabiliyyətli Azərbaycan Ordusu ilə hərbi qarşıdurmada heç bir şansı yoxdur. Lakin buna inanmayan separatçılar “mister” və “müsyö”lərin köməyinə inanmağa davam etdilər.
Təzyiqlərə tab gətirməyən Paşinyan və Qarabağ separatçıları sentyabr ayında çox ciddi səhvlərə yol verməyə, bəyanatları və hərəkətlərinə nəzarəti itirməyə başladılar. Bütün bunlar 19-20 sentyabr tarixlərində Azərbaycan hərbçilərinin 24 saatdan az bir müddətdə Qarabağ xuntasını uzun dilinə görə cəzalandırması isə nəticələndi.
Beləliklə, Azərbaycan 2020-ci ilin payızında öz ərazi bütövlüyünü, 2023-cü ilin payızında isə suverenliyini tam bərpa etdi.
Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın qalan şəhərlərində Azərbaycan bayrağını ucaldaraq 2003-cü ilin oktyabr ayında verdiyi seçkiqabağı vədi yerinə yetirdi. Əliyev, həmçinin 2023-cü il oktyabrın 15-də Azərbaycan ərazisində 35 il ərzində mifik “miatsum” xəyalı quran erməni separatizminin məhv edilməsi və Qarabağ havasının “separatizm ruhu”ndan təmizlənməsi işinə də yağlı nida işarəsi qoydu. Erməni separatizmi 35 il ərzində Azərbaycanda minlərlə ailəyə böyük əzablar verib, 1 milyondan çox azərbaycanlı yurdsuz-yuvasız qalıb, bütün bunlar Azərbaycanın öz potensialından tam istifadə etməsinə mane olub.
Hazırda cərəyan edən proseslər Azərbaycan Prezidentinin 20 il ərzində zərgər dəqiqliyi ilə xarici siyasət həyata keçirdiyini göstərir və bu gün biz bu siyasətin uğurlu bəhrəsini görürük. Mövcud vəziyyət erməni hidranın yenidən Azərbaycan torpağında baş qaldırmasının qarşısını birdəfəlik almağa kömək etdi. Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı bütün problemlər hələ tam həll olunmasa da, Əliyev öz siyasəti ilə elə şərait yaradıb ki, gələcəkdə övladlarımız XX əsrin 90-cı illərinin əvvəllərində bizim qarşı-qarşıya qaldığımız problemlərlə üzləşməsinlər.
Sırada nə var?
Azərbaycan erməni separatizmi mövzusunu bağlayaraq Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması istiqamətində böyük addım atıb. Son üç il ərzində Azərbaycan ardıcıl sülh gündəliyini təşviq edib. Sülh prosesi ikitərəfli hərəkətə malik yol olsa da, son üç il ərzində baş verən hadisələrin təhlili göstərir ki, bu prosesi məhz Azərbaycan öz qətiyyəti ilə irəlilədib. Bu isə asan proses deyil. Hər mərhələdə İrəvanı bu və ya digər addımı atmağa inandırmaq lazım gəlsə də, eyni zamanda, sülh danışıqlarını pozmaq üçün əlindən gələni edən və indi də bu səylərini davam etdirən bir qrup ölkə var. Heç cür sakitləşmək bilməyən Fransa isə bu qrupun ön sıralarındadır.
Lakin 2023-cü ilin sentyabrından sonra sülh danışıqlarında da vəziyyət dəyişdi. Azərbaycan separatçı rejimi ləğv etdikdən sonra Bakının sülh prosesində manevr etmək imkanı yarandı. Buna qədər danışıqlar prosesində o qədər də maraqlı olmayan İrəvan artıq sülh müqaviləsini mümkün qədər tez imzalamaq üçün fürsət axtarmağa başlayıb. Bakının yanaşması isə fərqlidir. Bakı üçün İrəvanla münasibətlərin normallaşmasında sadəcə ilk pazl olan keyfiyyətli sənədin imzalanması vacibdir. Bakı sülh müqaviləsində İrəvanın revanş cəhdlərindən imtina etməsinin nəzərdə tutulacağını gözləyir. Yeri gəlmişkən, Prezident Əliyev də bu barədə dəfələrlə danışıb. Digər tərəfdən, belə bir bəndin olması Bakı üçün müəyyən sığortadır. Əgər gələcəkdə Ermənistan bu bəndi pozmağa qərar verərsə (tarix isə göstərir ki, bu ölkəyə heç vaxt tam etibar etmək olmaz, sadəcə olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli müqaviləni xatırlamaq kifayətdir), o zaman Azərbaycanın islahedilməz pozucunu cəzalandırmaq üçün sərbəst şəkildə hərəkət etmək imkanı olacaq.
Azərbaycan son üç ildə Paşinyanın sülh müqaviləsini imzalamaqdan ötrü özündə iradə tapması üçün hər şeyi edib.
Doğrudur, dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da etiraf etdiyi kimi, Bakı ilə İrəvan arasında sülh müqaviləsi ilə bağlı hələ də müəyyən fikir ayrılıqları qalmaqdadır. Ancaq son zamanlar onların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Prinsip etibarilə, tərəflər artıq yaxın gələcəkdə sülh danışıqlarını yekunlaşdıra və yekun sənədi imzalaya bilərlər. İndi top İrəvandadır. Hər şey Ermənistanın Azərbaycanla birbaşa danışıqlar aparmağa cəsarətinin olub-olmamasından asılıdır. İndiyə qədər Qərbə üz tutan Ermənistan onun simasında öz maraqlarının müdafiəçisini tapmağa çalışırdı. Oktyabrın 5-də Qranadada keçirilən görüş və dörd tərəfin orada olmayan beşinci tərəflə bağlı bəyanat qəbul etməsi bunun bariz sübutudur.
Dekabrın 7-də Azərbaycan və Ermənistanın müvafiq dövlət qurumlarının bir sıra məsələlərə dair birgə bəyanatla çıxış etməsi ümid verir ki, İrəvan Bakı ilə birbaşa təmasların faydasını başa düşür.
Buna görə də “Nikol və Ko.” Azərbaycanla birbaşa danışıqların sülhə aparan ən qısa yol olduğunu nə qədər tez başa düşsələr, tərəflər sülh müqaviləsini bir o qədər tez imzalayaraq münasibətlərin normallaşdırılmasında növbəti mərhələyə keçə biləcəklər. Bəzi xarici ekspertlər hesab edirlər ki, Bakı və İrəvan artıq 2024-cü ilin yanvarında sülh müqaviləsi imzalaya bilər. Yeri gəlmişkən, bunu Tbilisidə etməklə Cənubi Qafqazda əməkdaşlıq və inkişaf platformasını da işə salmaq olar. Ancaq bunlar artıq növbəti, 2024-cü ildə cərəyan edəcək hadisələrdir…*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət