Dünya şöhrətli fotoqraf Reza Diqqəti ilə müsahibə:
- Cənab Diqqəti, zəhmət olmasa, özünüz barədə məlumat verərdiniz.
- 1952-ci ildə Təbrizdə anadan olmuşam. Valideynlərim əslən Ərdəbildəndir. 33 ildir ki, Parisdə yaşayıram, Fransa vətəndaşıyam. Təhsilimi mühəndis-memarlıq üzrə almışam. Amma uşaqlıqdan foto sənəti ilə maraqlandığım üçün ixtisasım üzrə getmədim və 30 ildən artıqdır ki, fotoqrafçılıqla məşğul oluram. Parisdə fotoagentliyim var (webistan.com). Bununla yanaşı, “National geographic”də işləyirəm, həm foto çəkirəm, həm də film. Bundan başqa, humanitar təşkilatım, fondum var (Aina - ainaworld.org). Fondda qarşımda duran vəzifə müharibə olan ərazilərdə - Şri-Lankada, Həbəşistanda, Uqandada və digər ölkələrdə yerli əhaliyə, İordaniyada İraq qaçqınlarına kömək etməkdir. Mən Əfqanıstanda və Ruandada uşaqların təlim-tərbiyə işlərində iştirak edirəm.
Bundan əlavə, bir il müddətində Əfqanıstanda BMT-nin əməliyyatlar üzrə direktoru vəzifəsində çalışmışam. Bu, çox təhlükəli iş idi. Müharibə gedirdi. İşim Əfqanıstanın şimalında ucqar kəndlərə, heç kəsin gedə bilmədiyi yerlərə məktubları çatdırmaq idi.
- Məndə olan məlumata görə, Siz islam aləminin tanınmış alimlərindən olan Müqəddəs Ərdəbilinin nəslindənsiniz. Bu nə dərəcədə düzgün məlumatdır?
- Uşaqlıqdan eşitmişəm ki, biz Müqəddəs Ərdəbilinin nəticələriyik. Düzdür, bunu təsdiqləyən hüquqi sənəd olmasa da, şəcərə var. Qəbrini ziyarət etməmişəm, amma bizi Ərdəbilə aparanda, bizə onun evini göstərərdilər.
- Müqəddəs Ərdəbili haqda evinizdə olan söhbətlərdən nə deyə bilərsiz?
- İki söhbət yadımdadır. Bizim nəsil Müqəddəs Ərdəbiliyə qədər əkinçiliklə məşğul olub. Ondan sonra ustadlığa, elm ilə məşğul olmağa başlayıb. Rəvayətlərə görə, Müqəddəs Ərdəbilinin atasının Ərdəbil yaxınlığında bir bağı olub. Bir gün suvarma arxı ilə bir alma suyun axarı ilə onun bağından keçəndə, o, almanı götürüb dişləyir və dayanır, onu yemir. Birdən yadına düşür ki, bu alma onun bağının alması deyil və arxın suyu onu hansısa bağdan gətirib. Düşünür ki, onun halallığını almaq lazımdır. O, əlində alma arxın əks istiqamətində həmin bağın axtarışına çıxıb ki, görsün bu alma arxa hansı ağacdan düşüb. Həmin bağı tapır. Bağ sahibinə yaxınlaşıb deyir ki, başıma belə bir iş gəlib, gəlmişəm sizdən halallıq istəyəm. Bağ sahibi ona deyir ki, sən almanı mənim icazəm olmadan dişləmisən. Mən sənə halallıq verməyəcəm. Müqəddəs Ərdəbilinin atası çox narahat olur. Meyvə sahibi halallığını vermir. Lakin bağ sahibi onun qarşısında şərt qoyaraq deyir: “Sənə halallığı bir şərtlə verərəm. Mənim evimdə anadan gəlmə bir naqis qızım var. Bir gözü kor, saçsız və digər qüsurları var. Evdə qalıb, alan yoxdur onu. Onunla evlənsən, sənə halallıq verərəm”.
Deyilənlərə görə, Müqəddəs Ərdəbilinin atası bu şərti qəbul edir. Toy edirlər. Gecə xanımının yanına gedib baş örtüyünü açdıqda görür ki, bir huri, bir dünya gözəli durub qarşısında. O, “Əstəğfurullah” deyə-deyə tez otaqdan çıxır və qaçır həmin kişinin yanına ki, bu işdə nə isə bir səhv var. Bizə dediyiniz qız deyil mənim otağımda. Kişi də cavab verir ki, heç bir səhv olmayıb. “Mənim qızım gördüyün o qızdır. İstəyirdim ki, onu halal birinə ərə verim. Sən halallaşmağa gələndə mən səni yoxlamaq üçün o şərti qoydum qarşında”. Deyilənlərə görə, Müqəddəs Ərdəbili bu nigahdan dünyaya gələn övladdır.
Molla Müqəddəs Ərdəbilinin əmisi haqda da bizə rəvayət danışardılar. Deyirlər, o, Həcc ziyarətinə gedirmiş və kənddə hamı ilə hallalaşırdı. O vaxtlar Məkkəyə gedib gəlmək bir neçə ay vaxt aparardı. Yola çıxmamışdan öncə gedir anasının yanına ki, onunla da halallaşsın. Qapıdan çıxanda anası deyir: “Eşitmişəm Şamda (indiki Suriya – İF-Az) yaxşı ipək şal toxuyurlar. Gələndə mənə bir şal alarsan”. O, baş üstə deyib yola çıxır. 3-4 aydan sonra camaat görür ki, bu adam kəndə qayıdıb və soruşanda ki, sən Həccə getmişdin, burada nə edirsən, deyir anamla işim var. Gedir anasını görür və çıxardır şalı ona verir. Onda anası deyir ki, bala, bəs axı Həcc tamam olmayıb hələ. Deyir: “Mən getdim bu şalı alam, Həccə indi gedirəm. İstəyirdim ki, mənim fikrim, niyyətim Həcc olsun. Fikrimdə şal almaq olsaydı, niyyətim pozulacaqdı”.
Hər zaman düşünmüşəm ki, bu cür hikmətlər hər insana vacibdir. Bizə uşaqlıqdan deyərdilər ki, siz bu tayfadan gəlmisiniz və bu tayfanın da səviyyəsinə uyğun tərbiyə olunmuşuq.
- Siz qeyd etdiniz ki, artıq 33 ildir İrandan uzaqda yaşayırsınız. Bu müddət ərzində İrana səfər etmisiniz?
- Xeyr. 33 ildir İranda bir dəfə də olmamışam.
- İrandan getməyinizə səbəb nə oldu?
- İncəsənət sahəsində işləmək üçün azad fikir lazımdır. Hiss edirdim ki, işimi dünya səviyyəsində görə bilərəm. İşimlə əlaqədar tez-tez ölkədən ölkəyə səfər etmək tələb olunurdu. Bu səbəbdən mən Parisə köçdüm.
- İran üçün darıxmırsınız?
- İran mənim üçün bir mədəniyyətdir. Mən həm Azərbaycan, həm də İran mədəniyyətinin daşıyıcısıyam. Əgər insan bir torpaqda özünü rahat hiss etmirsə və başqa yerdə, torpaqda onun içindəki o mədəniyyət varsa, ora onun üçün vətəndir. Mən 33 ildə Azərbaycana çox gəlib-getmişəm və mənim üçün fərqi yoxdur – elə bilirəm ki, oradayam. Burada rahat şəkil çəkirəm, rahat oluram.
İllər ərzində Əfqanıstanda yaşamışam. Orada da elə eynən bu cür mədəniyyətdir. Əhməd Şah Məsud mənim yaxın dostum olub. Onunla birgə şəkillərim, filmlərim çoxdur.
Farsların bir yaxşı sözü var, deyirlər: “Vətən oradır ki, adama azar verməsinlər”.
- Yeri gəlmişkən, Əhməd Şah Məsudu necə xatırlayırsınız?
- Şah Məsudu ilk dəfə 1985-ci ildə Əfqan dağlarında gördüm. Mən onu üç ay bu dağdan o dağa gəzərək tapdım. O vaxt onu tapmaq çox çətin idi. Əfqanıstanda yüz min SSRİ əsgəri vardı, xüsusi xidmət orqanlarının əməkdaşları da onu axtarırdı.
1985-ci ildən 2001-ci ilə qədər - dünyasını dəyişdiyi günə kimi onunla dəfələrlə görüşlərim olub. Şah Məsud haqqında bir saatlıq sənədli film də çəkmişəm. Film onun şəxsiyyətini və gördüyü işləri əks etdirir. Dünya miqyasında Şah Məsud SSRİ-ni süquta uğradan bir şəxsiyyət kimi tanınır. Tarixçilərin fikrincə, Məsudun rus əsgərlərini Əfqanıstanda məğlub etməsi Sovetlər Birliyinin dağılmasının başlanğıcı olub. Bütün dünya SSRİ-nin hərbi qüdrətindən qorxurdu. Əfqanıstandakı məğlubiyyət bilavasitə onu göstərdi ki, Sovetlər Birliyi deyildiyi kimi qüdrətli orduya malik deyil.
SSRİ bir zamanlar Özbəkistanla Əfqanıstan arasında “Dostluq körpüsü” inşa etmişdi və sonra həmin o körpü vasitəsi ilə Əfqanıstan ərazisinə tanklarını yeritdi. Müharibə başlayanda Şah Məsud demişdi: “Onlar ki, dostluqdan istifadə edib bizi işğal etmək istədilər, həmin o “Dostluq körpüsü”ndən onları geri qaytaracağam”. Elə də etdi. 15 fevral 1989-cu ildə SSRİ-nin axırıncı əsgəri həmin körpüdən geri qayıtdı və həmin gün Şah Məsud o körpünü partlatdı. O bildirdi ki, “Mənə bu cür dostluq lazım deyil”. Düz 10 aydan sonra Almaniyada Berlin divarı uçurduldu.
- Yaradıcılıq işləri çərçivəsində görüşdüyünüz dünya şöhrətli simalardan daha kimləri xatırlayırsınız?
- İndiyədək görüşdüyüm yüksək rütbəli şəxslərin sayı 100-dən artıqdır. Onların arasında prezidentlər, baş nazirlər və digər yüksək rütbəli dövlət rəsmiləri olub. Lakin etiraf edim ki, işimin tərkib hissəsini adsız adamlar təşkil edir. Əsl işim adsız adamların danışdıqlarını, üzlərini, işlərini dünyaya göstərməkdir. Mən o adamlarla çalışıram ki, onların kimliyi bəlli deyil. Qaçqınlarla çalışıram, kasıblarla reportaj aparıram.
- Azərbaycandakı tolerantlıq barədə nə deyə bilərsiniz?
- Dinlə siyasəti qarışdırmaq olmaz. Mən Azərbaycanda məhz bunu görürəm. Məscidə gedib mollaların namaz qıldığının, sinaqoqda ravvinlərin dua oxuduqlarının şahidi oldum. İrfan da məhz bunu deyir. Mövlanə Ruminin bir sözü var, deyir: “Hər quş bir tərəfə uçar, mənim ürək quşum tərəfsizliyə tərəf uçar”. Təkrar edirəm, İrfan belədir. Tərəfsizdir. Bütün insanları bu cür görmək lazımdır, kimliyindən asılı olmayaraq. Bu gün insanlar üçün dünyada görülən yaxşı əməllər mühümdür.
Mən 33 ildir dünyanı gəzib, səyahət edirəm, bu illər ərzində 115 məmləkətdə olmuşam. Etiraf edim ki, Azərbaycan kimi bütün din və məzhəblərə qiymət verən ikinci ölkə görməmişəm. Amerikada müsəlmanları sıxışdırırlar. Fransada məscidlərin tikintisinə icazə vermirlər. Qızları baş örtüyü ilə məktəbə buraxmırlar. Səudiyyə Ərəbistanında ümumiyyətlə bir dənə də olsun kilsə yoxdur. Başqa sözlə desək, hər bir ölkənin bu baxımdan öz mənfi xüsusiyyəti var. Azərbaycanda bu cür proseslər yoxdur. Azərbaycan bu gün dünyaya yol göstərə bilər, model ola bilər. Bu fikir minillərlə bu torpaqda olub.
Mədəniyyət birdən birə yaranmır, əsrlər boyu formalaşır. Əsas amil odur ki, Azərbaycan dünyanın dörd yol ayrıcındadır.
Bu gün, XXI əsrdə insan amilini daha çox qiymətləndirməyə başlayıblar. Onun rənginə və ya dini mənsubiyyətinə görə deyil. Azərbaycan yeni dünyanın fikrində bir model qismində çıxış edə bilər.
- Siz dediklərinizi islam dini bizə öyrədir – insana qiymət vermək, onlar arasında fərq qoymamaq...
- Bu mütləqdir. İnsanın əsası bununla qoyulub. İslam da insaniyyət üzərində qurulub. İslam buyurur ki, əgər bir müsəlman Həzrəti İsa (ə) və Həzrəti Musanı (ə) peğəmbər olaraq qəbul etməzsə, onun müsəlmançılığı qəbul deyil.
Biz məktəbdən universitetədək bir sıra müəllimlər dəyişirik. Birinci və sonuncu müəllimimiz arasında 10-15 müəllim dəyişir. Əslində birinci sinifdəki müəllim, universitetdə bizə dərs deyən professor da bizi kamilliyə doğru aparıb. Yəni peğəmbərlərin də hər biri insaniyyəti kamilliyə, təkallahlığa doğru aparıb. Onların arasında fərq qoymaq olmaz.
- Bakıya bu dəfəki səfəriniz nə ilə bağlıdır?
- Məhz Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkənin müxtəlif məzhəblərə və dinlərə azad və sərbəst yaşamaq üçün yaratdığı şəraiti araşdırmağa gəlmişəm. “Azerbaijan – Land of Tolerance” adlı layihə üzərində iş aparıram. Buradakı tolerant mühitlə bağlı kitab çap ediləcək. Bundan əlavə, Avropanın bir sıra ölkələrində Azərbaycandakı tolerantlığı əks etdirən fotosərgilər təşkil ediləcək.
- Sizin ötən əsrin 90-cı illərində Qarabağ müharibəsi, Xocalı soyqırımı və 20 yanvar qırğını ilə bağlı reportajlarınız olub. O zamanlar Azərbaycan məlumat blokadasında saxlanılırdı. Lakin Siz bunu bacardınız...
- İlk dəfə Azərbaycana 1987-ci ildə gəlmişəm. O zaman Azərbaycanda “Vətən” cəmiyyəti fəaliyyət göstərirdi. Azərbaycana gəldikdə özümü buranın bir parçası hiss etdim. Yəni insanlardan gördüyüm münasibət o qədər isti idi ki. “Qara Yanvar” hadisələri baş verəndə mən “Time Magazine”də işləyirdim. Bakıda baş verənlərlə bağlı demək olar ki, xəbər gəlmirdi. Qərara aldım ki, Bakıya getməliyəm. SSRİ səfirliyindən viza almaq çox çətin idi. Axır bir gizli yolla gəldim, “Qara Yanvar”da baş verənləri çəkdim və həmin gizli yolla da geri döndüm. Mənimlə həmkarım - operator da gəlmişdi. Bakıda törədilən 20 Yanvar qırğınını dünyaya biz yaydıq. İki ildən sonra Xocalıda soyqırımın olduğunu eşitdik. O hadisələrdən sonra yenidən Azərbaycana gəldim. Bakıdan fransız yardım qrupu ilə birbaşa Ağdama getdim. Orada baş verənləri - qətlə yetirilənləri, qaçanları öz gözümüzlə gördük.
Üç həftə cəbhə bölgəsində qaldım. Şuşa hələ işğal olunmamışdı. Amma şəhərə gedən yol ermənilər tərəfindən kəsilmişdi. Yadımdadır, biz dağ yolu ilə piyada xeyli yol getdik. Şuşadakı vəziyyəti də gördük. Biz qayıtdıqdan bir neçə həftə sonra Şuşa da əldən getdi...
Xocalı hadisələrindən sonra dünyanın bu soyqırıma biganəliyini bir insan olaraq gördükdə mən öz hesabıma bu həqiqətləri sərgilərimdə, kitablarımda, “National geographic”də dünyaya yaymağa başladım. Etiraf edim ki, bu işdə bir sıra çətinliklər də oldu. Baxmayaraq ki, indiyədək heç kəs mənim peşəkarlığımda bir səhv tutmayıb. Məsələn, Fransada keçirdiyim sərgilərin təşkilində ermənilər tərəfindən əngəllər olub. Lakin mən çətinliklərə baxmayaraq bu işi davam etdirirəm.
Azərbaycanda işə gəlincə, 1990-cı illərdə “National geographic” üçün Xəzər dənizi haqqında reportaj hazırlamaq məqsədilə Bakıya səfərimi xatırlayıram. Altı ay ərzində Xəzər ətrafında fırlandıq. Xəzər haqqında reportajın bütün dünyaya yayımlanması çox mühüm bir layihə idi.
- Siz 2007-ci ildə Bakıda Mövlanə Cəlaləddin Ruminin 800 illik yubileyinə həsr olunmuş günlərdə iştirak etmisiniz. Həmin il UNESCO tərəfindən “Mövlanə ili” elan edilmişdi. Bu, ədəbiyyata sevgidən irəli gələn bir iştirak idi yoxsa növbəti reportaj?
- Mən uşaqlıqdan Məhəmməd Hüseyn Şəhriyarı tanımışam. Atamın yaxın dostu olub. İranda yaşayanda o, həftənin bir neçə gününü bizdə keçirərdi. Uşaqlıqdan onun sözləri ilə böyümüşəm. Sonralar Rumini oxumağa başladım.
- Düz başa düşdümsə, poeziyaya məhəbbət qığılcımını Sizin ürəyinizdə Şəhriyar yaradıb?
- Uşaqlıdan atam-anam yaradıblar. Onlar poeziyanı sevirdilər. Şəhriyarın da evimizə tez-tez gəlməyi öz izini qoyub. Mən uşaq olanda bütün məhəllə yığışardı ki, Şəhriyar sizə gəlib. Mən də deyərdim ki, atamın dostudur. Yadımdadır ki, onun bizimlə, uşaqlarla davranışı və danışığı məhəbbətlə dolu idi. Bir də görərdin ki, ona ilham gəldi və bir parça kağızda yerindəcə şer yazdı.
Rumiyə gəlincə isə, onu hər zaman oxumuşam. Digər şairləri də oxuyuram: Nizami, Sədi, Hafiz. Fotoqraf olduğum bu 30 ildən artıq müddətin bəlkə 25 ilini müharibə zonalarında keçirmişəm. Dünyanın münaqişəli yerlərinin hər birində qaçqınlarla görüşlərim olub. Belə iş şəraiti insanın bir növ ruhunu qarışdırır. O an köməyimə məhz poeziya çatıb.
- Qeyd etdiniz ki, Azərbaycana ilk səfəriniz 1987-ci ilə təsadüf edir. Bundan sonra da respublikaya tez-tez səfərləriniz olub. Bu illər ərzində baş verən dəyişikliklər barədə nə deyə bilərsiniz?
- Siz düzgün qeyd etdiniz. Azərbaycanda çox olmuşam. Uşaqlıqdan atam və əmilərimdən Bakı haqqında çox eşitmişdim. Yəni Bakı barədə söhbətlər bizim evdə daim olub. Yadımdadır, 1987-ci ildə ilk dəfə Bakıda təyyarədən düşdükdə bu şəhər mənə çox qaranlıq gəldi. Yollar xarab, küçələrdə işıqlandırma demək olar ki, sıfır səviyyəsində idi. Məni ağlamaq tutmuşdu. “Mənim atam və əmilərimin gəlib gördükləri Bakı bu idimi?”. İllər keçdi. Bir neçə ay bundan oncə gəldim – yenə həmin yol, amma işıqlı, şəhər gözəl... Onda da ağlamaq tutdu məni. İlk dəfə məni qəhər boğurdu, ikinci dəfə isə bu, sevincdən irəli gələn göz yaşları idi.
- Dünyanın bir çox yerində Sizin foto-sərgiləriniz keçirilib. Gələcəkdə hansı ölkələrdə sərgilərin təşkili gözlənilir?
- Bəli, mənim dünyanın ən böyük şəhərlərində sərgilərim olub. Bu yaxınlarda Parisdə iki sərgim açılıb. İyun ayında dünyanın ən böyük 350 şəhərində eyni gündə sərgim olacaq.
- Bir peşəkar fotojurnalist olaraq fotonun cəmiyyətə təsiri haqqında nə deyə bilərsiniz?
- Hesab edərim ki, XXI əsrin rəvayətləri şəkil üzərində qurulub. Hər bir şəkil bir yazı, bir kitab kimi insanlara təsir göstərir. Fərz edin ki, Vyetnam müharibəsi barədə kitab oxuyursunuz. Nə qədər oxusanız da gözünüzün qabağına orada baş verənlər haqqında bir şəkil gəlir. Yəni təəssüratlar yaranır. Bu gün şəkillərin ideologiya formalaşdırmaqda böyük rolu var.
Söhbət etdi: Fərdin İsazadə.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət