Belqrad. Avropanın ən qədim şəhərlərindən biri. Hələ e.ə. III əsrdə bu şəhərdə keltlər məskunlaşıblar. Sonra şəhər romalılar tərəfindən işğal edilib və Sinqidunum qalasına çevrilib. İndiki Belqrad və ya serblərin adlandırdığı kimi Beoqrad adına tarixdə eramızın 878-ci ilindən etibarən rast gəlinir. Bu şəhər 1403-cü ildə Serbiyanın paytaxtı olub və o zamandan bu statusunu qoruyur.
Yuxarıda qeyd olunanlar bu yaxınlarda səyahət etdiyim qədim və zəngin Belqrad tarixinin yalnız qısa xülasəsidir. Olduğum bütün yerlərdə - istər Belqrad ətrafında, istərsə də şəhərin mərkəzində serblərin mehriban baxışı, xoş təbəssümü və hörməti ilə qarşılaşdım.
Nikola Tesla adına hava limanı şəhər mərkəzindən 12 km məsafədə yerləşir, qədim Belqrada buradan 15-20 dəqiqəlik yol var. İctimai nəqliyyat axtarmağa dəyməz. Taksi cəmi 1600-1800 serb dinarına (13-14 avro) sizi şəhərin mərkəzinə aparacaq. Mən Belqrada iş günü başlarkən çatdım. Taksiylə mehmanxanaya gedərkən yolda hər yanın yaşıllığa bürünməsi, çoxlu sayda qocaman ağacların olması diqqətimi çəkdi.
Balkan yarımadasının mərkəzində yerləşən Belqrad köhnə və yeni olmaqla iki hissəyə bölünür. Dunay və Sava çayları şəhərin ortasından keçir. Yeni hissənin əsası təxminən 15 il əvvəl qoyulub. Bu şəhərə ilk dəfə qədəm basan adam kimi məni qədim hissə daha çox özünə cəlb etdi. Saatlarla şəhərdə piyada gəzmək məni fiziki olaraq yorsa da, məmnun etdi. Əgər soruşsanız ki, Belqrad barədə məndə hansı təəssürat yarandı, tərəddüd etmədən deyərəm ki, Belqrad serblərin çoxəsrlik tarixini və özünəməxsus mədəniyyətini əks etdirən şəhər-muzeydir.
Belqradın qədim hissəsi təpələr üzərində yerləşib, təpələrin ətəyində Sava çayı Dunaya tökülür. Belqrad qalasından (bu barədə bir qədər sonra söz açacağam) bu gözəl mənzərəyə tamaşa etmək olar.
Mehmanxanaya gedən yol təkcə qocaman ağaclarla yadda qalmadı. Belqradda diqqətimi ilk çəkən keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının Müdafiə Nazirliyinin yarıdağılmış binası oldu. Bu bina 1999-cu ildə NATO qüvvələrinin bombardmanına məruz qalıb. Başa düşmədim, nə üçün serblər onu bərpa etməyiblər. Elə həmin gün, bir neçə saat sonra bu sualıma cavab tapdım.
Belqradda şəhər mərkəzindəki otellərin birində qalmalı oldum. Qeydiyyatdan keçərkən inzibatçı pasportumdakı “Vətəndaşlıq” sütununda Azərbaycan sözünə diqqət yetirərək təbəssümlə soruşdu: “Siz Taşmaydanda olmusunuz?”. ”Hələ ki, yox”, - deyə cavab verdim. O dedi: ”Burada, lap yaxındadır, mütləq ora gedin”.
Yol yorğunluğumu almadan şəhərin xəritəsi ilə “silahlanıb” Belqradı piyada gəzməyə başladım. Bir qədər sonra Taşmaydana çatdım. Taşmaydan gözəl parkdır. Parkdan 300-500 metr aralıda prezident administrasiyası, parlament və hökumət evinin binaları yerləşir.
Belqradlılar parkı qısaca olaraq Taş adlandırırlar. Tarixdən məlumdur ki, qədim romalılar burada daş hasilatı ilə məşğul olublar. Osmanlı imperiyası dövründə də daş şaxtalarının istismarı davam etdirilib, lakin romalılardan fərqli olaraq, türklər bu mədənlərdən kimyəvi element çıxarıblar. Yeri gəlmişkən, parkın adı da türk mənşəlidir, yəni daş və meydan. Taşmaydan 1950-ci ildə şəhər parkına çevrilib. İkinci dünya müharibəsi illərində burada olan yeraltı şaxtalardan Hitler qoşunları sığınacaq və anbar kimi istifadə ediblər. Bütün bu sadalananlarla yanaşı, bura serblərin qürur duyduğu bir məkandır. 1830-cu ildə Taşmaydanda Serbiyanın Osmanlı imperiyası tərkibində muxtariyyət qazanması elan olunub.
Taşmaydan 8 hektar ərazini əhatə edir. Parkda serblərin öz tarixinə diqqətini nümayiş etdirən çoxlu abidələr var. Burada birinci Bolqar legiyası (1861-1862 və 1867-1868-ci illərdə Belqradda Osmanlı imperiyasına qarşı mübarizə məqsədilə bolqar emiqrantlar tərəfindən yaradılmış hərbi qruplaşma), serb yazıçısı Desanka Maksimoviç, yuqoslav və serb şairi və nasiri Milorad Paviç, hətta Don Kixotun abidələrini görmək olar. Serblər Taşmaydanda 1999-cu ildə NATO qüvvələri tərəfindən bombardmanlarda həlak olmuş uşaqlara, eləcə də Serbiyanın RTS teleşirkətinin binasına aviazərbələr zamanı həlak olmuş 16 jurnalistə də abidə ucaldıblar.
Yeri gəlmişkən, Müdafiə Nazirliyinin binası kimi RTS teleşirkətinin də binası bərpa olunmayıb. Mən belə qərara gəldim ki, Serbiya hökuməti NATO qüvvələri tərəfindən bu hala salınmış həmin binaları bərpa etməməklə düzgün addım atıb. Bombardman nəticəsində yarıuçmuş bu binalar baş verən faciə barədə hər hansı bir siyasətçidən daha çox söz deyir. Belqradda 1999-cu ildəki hava hücumları zamanı bərbad hala salınmış belə binalar az deyil. Qeyd edim ki, Serbiyaya hava zərbələri BMT-nin Təhlükəsizlik Şurasının sanksiyası olmadan endirilib.
Belqradda, elə həmin Taşmaydanda ilk saatlardan serblərin qonaqpərvərliyini və isti münasibətini hiss etməklə yanaşı, bu xalqın mənim Azərbaycan xalqıma verdiyi yüksək qiymətin də şahidi oldum. Taşmaydanın mərkəzində Serbiya bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da dalğalanır. Amma bu hələ son deyil. Milorad Paviçin abidəsi ilə yanaşı Heydər Əliyevin də abidəsini gördüm. Və 2011-ci ilin yayında Azərbaycan prezidenti İlham Əliyevin Serbiyaya səfərini, səfər çərçivəsində onun serbiyalı həmkarı Boris Tadiçlə Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına yenidən qurulmuş parkın açılış mərasimində iştirak etməsini xatırladım. Qeyd edim ki, Taşmaydanın yenidən qurulması Azərbaycan hökumətinin Serbiyada yeganə humanitar aksiyası deyil. Belqradda radikal milliyətçilər tərəfindən yandırılmış Bayraqlı Məscid də Azərbaycan tərəfindən bərpa edilib. Novi Sad şəhərində isə Yuqoslaviyada baş vermiş münaqişə zamanı qaçqın düşmüş insanlar üçün Müqəddəs Petka kilsəsi tikilib. Hər iki layihə - məscidin bərpası və kilsənin inşası prezident Əliyevin bu ölkəyə səfəri zamanı Serbiyanın xristian və müsəlman icmalarının ona müraciətindən sonra həyata keçirilib. Azərbaycanın həyata keçirdiyi tikinti və bərpa işləri bir daha göstərdi ki, Azərbaycan xalqı və hökuməti dinlər arasında fərq qoymur və ölkəmiz dünya miqyasında tolerantlıq nümunəsi ola bilər.
Azərbaycanın Serbiyadakı fəaliyyəti bununla məhdudlaşmır. Kosovo yaxınlığında əsasən müsəlmanların yaşadığı Novi Pazar Sancağında mədəniyyət evi yenidən qurulub. Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin kompleksi yaradılıb. Azərbaycan tərəfindən həyata keçirilən ən iri layihə isə avtomagistral yolun tikintisinə uzunmüddətli kreditin ayrılmasıdır.
Başqa sözlə desək, Belqradda olduğum günlərdə mənə elə gəlirdi ki, mən doğma Bakımızın küçələrində dolaşıram. Etiraf edim ki, Serbiya müftisi Məhəmməd Yusufspaxiçdən bu sözləri eşitmək mənə xoş oldu. “Bizim, serb müsəlmanlarının, ümumilikdə Serbiyanın Azərbaycanla yaxşı münasibətləri var. Prezident İlham Əliyev ölkəmizə, bizim müsəlman cəmiyyətinə kömək etdi. Məscidimizi bərpa etməyə yardım etdilər, buna görə də Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk”.
Belə sözləri yad eldə hər gün eşitməzsən. Bundan başqa, yepiskop İoann Liplyanski də Azərbaycanın ünvanına ən xoş arzularını çatdırdı.
Oxucuların diqqətini Azərbaycan və Serbiyanın oxşar problemlərinə çəkmək istəyirəm. Hər iki ölkə hələ də həllini tapmamış etnik və ərazi münaqişələrinin qurbanıdır. Qarabağ və Kosovo problemlərinin bütün mürəkkəbliyi bundadır ki, beynəlxalq aləm heç cür onların həll yolunu tapmır və ya tapmaq istəmir, çünki böyük dövlətlərin bunda öz maraqları var, əziyyəti isə sadə xalq çəkir.
Vəziyyətin mürəkkəbliyini nəzərə alaraq tərəflər beynəlxalq arenalarda ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini dəstəkləyir. Ən başlıcası isə Azərbaycan və Serbiya strateji tərəfdaşdır.
Ümumiyyətlə Azərbaycan-Serbiya münasibətləri barədə çox söz demək olar. Ancaq qayıdaq Belqrada.
Arxeoloji tapıntılar göstərir ki, insanın bu yerlərdə ilk məskunlaşması neolit dövrünə təsadüf edir. Şəhərin ən görməli yerlərindən biri Belqrad qalasıdır. Yuxarıda qeyd etdim ki, qala təpələrdən biri üzərində qurulub. Belqrad qalası deyildikdə, yuxarı və aşağı şəhər nəzərdə tutulur. Deyirlər ki, burada baş vermiş müharibələr nəticəsində dağılmış Belqrad qalası müxtəlif dövrlərdə təxminən 30 dəfə yenidən tikilib.
Avropanın ən qədim parklarından biri olan Kalemeqdan qala yaxınlığında yerləşir. Yeri gəlmişkən, Kalemeqdan da iki türk sözünün - qala və meydan sözlərinin birləşməsindən əmələ gəlib. Şəhərin bu hissəsi dəniz səviyyəsindən 125 metr yüksəklikdə yerləşir və Belqradın tarixi-mədəni abidəsi sayılır. Qalanın mərkəzində Damat Əli Paşanın (1667-1716) məzarı yerləşir. Adı çəkilən şəxsiyyət III Sultan Əhmədin hakimiyyəti dövründə Osmanlı imperiyasının ən böyük sərkərdələrindən hesab olunurdu. Damat Əli Paşa 1716-1718-ci illərdə Petrovaradin qalası yaxınlığında Avstriya-Türkiyə müharibəsi zamanı məğlub olub.
Serbiya tarixində Osmanlı imperiyasının izlərinə çox rast gəlinir. Buranın fəthindən və türklərin ölkənin cənub regionlarına (Kosovo) köçürülməsindən sonra yerli əhalinin Dunay və Sava çayları sahillərinə kütləvi axını başlayıb. Bu da serblərin etnik ərazilərinin şimal istiqamətində genişlənməsinə gətirib çıxarıb.
Belqrad dünyanın digər paytaxt şəhərləri ilə müqayisədə böyük sayılmaz. Burada 3 milyona yaxın insan yaşayır. Artıq qeyd etdiyim kimi, serblər öz keçmişlərinə sevgi ilə yanaşırlar. Onlar tarixi və mədəniyyət abidələrini yaxşı vəziyyətdə saxlayıblar, Belqard küçələri kral və knyazların, mədəniyyət xadimlərinin, ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış insanların, bir sözlə, öz ölkəsinin tarixində iz qoymuş şəxslərin adını daşıyır. Belə küçələrdən biri də Qavrilo Prinsip küçəsidir. O, Avstriya taxt-tacının vəliəhdi Frans Ferdinandı və onun xanımı Sofiyanı öldürməklə, belə demək mümkündürsə, Birinci dünya müharibəsini başlatmış insandır.
Şəhərin təkcə elə bu hissəsində Belqrad, eləcə də Serbiya tarixinə dair çoxlu maraqlı faktlarla tanış olmaq olar. Qala ərazisində çoxlu kafelər fəaliyyət göstərir ki, onlardan yan keçmək mümkün deyil. Bir fincan ətirli qəhvə sifariş versəniz, çox gözləməli olmazsınız. Bu istirahət anlarını isə Dunaya açılan gözəl mənzərə tamamlayır.
Belqrad orta əsrlərdə, knyaz Stefan Lazareviçin hakimiyyəti dövründə öz intibahının zirvəsinə çatıb. Strateji cəhətdən əhəmiyyətli coğrafi mövqedə yerləşən Belqrad qalası knyaz Stefanın hakimiyyəti zamanı son dərəcə möhkəmlənib ki, bu da 70 il ərzində Osmanlı imperiyasının həmlələrinə davam gətirməyə imkan verib. Orta əsrlərdə bu şəhər həm də türklərin Mərkəzi Avropaya irəliləməsinin qarşısını almaq istəyən və bir müddət qalanı idarə etmiş macarların dayaq məntəqəsi olub. Baxmayaraq ki, Belqrad Osmanlı imperiyası tərəfindən diz çökdürülüb, knyaz Stefanın türk sultanına qarşı mübarizəsi Serbiya tarixində əfsanəyə çevrilib.
Ümumiyyətlə Belqrad uğrunda çox müharibələr olub. Avstriyalılar üç dəfə şəhəri zəbt etməyə çalışıblar, lakin Osmanlı imperiyası hər dəfə onu öz nəzarəti altına qaytara bilib. 1817-ci ildə şəhər muxtariyyət qazanmış Serbiya Knyazlığının paytaxtı oldu. 1878-ci ildə Serbiya müstəqillik qazandıqdan və 1882-ci ildə Serbiya Krallığı elan edildikdən sonra şəhər sürətlə inkişaf etməyə başladı.
Birinci dünya müharibəsi zamanı Belqrad Avstriya-Macarıstan-Almaniya tərəfindən işğal edildi. Müharibədən və Yuqoslaviya Krallığı yaradıldıqdan sonra Belqrad serb, xorvat və slovenlərin birləşmiş dövlətinin paytaxtı oldu. İkinci dünya müharibəsi də bu şəhərdən yan keçməyib. 1941-ci ilin aprel ayında Belqrad İtaliya və Almaniya aviasiyasının bombardmanına, daha sonra hücumuna məruz qalıb. Belqradlıların sınağı bununla da bitməyib. SSRİ-nin süqutundan sonra Sosialist Yuqoslaviya dövləti də süqut etdi, Belqrad NATO qüvvələrinin kütləvi bombardman meydanına çevrildi. Artıq qeyd etdiyim kimi, 1999-cu ildə şəhər yenidən bombalandı, bu dəfə NATO qüvvələri Serbiya hökumətini Kosovoda müharibəni dayandırmağa məcbur etməyə, daha doğrusu öz ərazilərindən əl çəkməyə cəhd göstərdi. Bu dəfə də Belqrada ciddi maddi ziyan dəydi. Lakin Belqrad yenə də təcavüzün ağır nəticələrini aradan qaldırmağı və dirçəlməyi bacardı.
Bu gün o Avropanın ən gözəl şəhərlərindən biri və demokratik dövlətin paytaxtıdır. Avropanın istənilən digər iri şəhərində olduğu kimi, burada da başqa ölkələrdən emiqrant axını müşahidə olunur. Şəhərdə çin məhəlləsi mövcuddur, son illər ərəb köçkünlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Serblərin əksəriyyəti provaslav xristianlardır, onların ən vacib simvollarından biri avtokefal Serb Pravoslav Kilsəsinin Müqəddəs Sava Kilsəsidir. Kilsə inşa edilərkən İstanbuldakı Müqəddəs Sofiya Kilsəsinin memarlıq elementlərindən istifadə edilsə də, tamamilə Sofiya kilsəsinə bənzədilməyib. Bu, Bizans üslubunda inşa edilmiş orijinal tikilidir. Binanın fasadı ağ mərmər və qranitlə örtülüb, içərisi isə Spas Vsederjitelin mozaik təsviri ilə bəzədilib.
Kilsə Moskvadakı İsa Məsih məbədindən sonra dünyada ikinci böyük pravoslav kilsəsidir. Burada eyni vaxtda 10 min insan ibadət edə bilər. Kilsə binası fasilələrlə 70 il ərzində inşa edilib və yalnız 2004-cü ildə rəsmən açılıb.
Öz tarixlərini xatırlayan serblər mədəniyyətlərinə dərin hörmətlə yanaşırlar. Paytaxtda çoxlu sayda muzeylərin olması buna parlaq nümunədir. 1952-ci ildə Yuqoslaviya hökuməti serb xalqının görkəmli şəxsiyyətlərindən biri olan Nikola Teslanın xatirəsinə muzey açıb. Belqradın mərkəzindəki qədim mülkdə yerləşən Tesla muzeyində 1,5 mindən artıq fotoqrafiya, 160 min orijinal sənəd, minlərlə kitab, texniki planlar, çertyoj və modellər qorunur. Qeyd etmək lazımdır ki, dünyanın heç bir muzeyində və ya kitabxanasında şəxsi əşyalardan ibarət ikinci belə böyük kolleksiya yoxdur.
Belqradın görməli yerlərindən Botisev küçəsi, 6 ünvanındakı maraqlı bir yeri də qeyd etmək istərdim. “Güllər evi” adı ilə tanınan bu yer əslində Yuqoslaviyaya 35 il rəhbərlik etmiş siyasi xadim İosip Brozunun mavzoleyidir. İkinci dünya müharibəsi illərində o, faşistlərə qarşı döyüşən partizan dəstəsində partiya tərəfindən verilmiş Tito ləqəbi ilə məşhur idi.
Tito qeyri-adi şəxsiyyət idi. Bu insan 1968-ci ildə SSRİ qoşunlarının Çexoslovakiyaya soxulmasını (Praqa baharı) qəti şəkildə pisləmişdir. Titonun məqbərəsi Yuqoslaviya Tarix Muzeyi ərazisindədir. Kompleksin ərazisində muzey ekspozisiyaları ilə yanaşı, Titonun rəsmi iqamətgahını da görmək olar. Yuqoslaviyanın sonuncu prezidenti Slobodan Miloşeviç də bu iqamətgahda yaşayıb.
Bununla yanaşı, Belqradda Kral sarayı da çox yaxşı qorunub saxlanılıb. Saray Serbiyanın Osmanlı Türkiyəsindən azad olduqdan və Serbiya Krallığı yaradıldıqdan sonra tikilib. 1961-ci ildə Belqrad şəhər Şurasının yerləşdiyi bu yerdə indi Karageorgiyeviçlər monarx sülaləsinin varisləri yaşayır. Saray Belqradın ən nüfuzlu rayonunda yerləşir. Yeri gəlmişkən, bu rayonda Kral sarayı yaxınlığında Azərbaycanın Serbiyadakı səfirliyinin binası yerləşir.
Kalameqdan ərazisində yerləşən Serbiyanın Hərb Tarixi Muzeyi məndə böyük maraq oyatdı, burada serb tarixinin ən müxtəlif dövrlərini əks etdirən 40 mindən çox eksponat sərgilənir. Burada neolit dövründən qalma silahlar, uniforma, qılınc, top və tüfəng görmək olar. Bu muzeydə açıq səma altında orta əsrlərə, birinci və ikinci dünya müharibəsinə aid ağır artilleriya, zirehli texnika, odlu silahlar, döyüş sursatları və bir çox digər eksponatlar nümayiş etdirilir. Bundan başqa, muzeydə NATO qüvvələrinin Yuqoslaviyaya hücumu zamanı istifadə edilmiş silah-sursatları da rast gəlmək olar.
Təkcə Belqradın tarixi o qədər zəngindir ki, onun haqqında cildlərlə kitab yazmaq olar.
Serbiya paytaxtında olduğum ilk axşam mən Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovla görüşdüm. Bu görüşdən sonra mən qəti qərara gəldim: coğrafi cəhətdən bir-birinə uzaq olan Azərbaycan və Serbiya eyni zamanda bir-birinə ruhən yaxın olan dövlətlərdir. Azərbaycan-Serbiya əlaqələri son illər yüksələn xətlə inkişaf edir və bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bakı və Belqrad beynəlxalq təşkilatlarda bir-birini fəal şəkildə dəstəkləyir.
Şəxsi müşahidələrim göstərdi ki, Belqradda hər şey dünyanın heç bir başqa şəhərində olmadığı qədər çox asan və sadədir. Serb qonaqpərvərliyi heç kəsi laqeyd qoya bilməz. Səfərimin sonunda məni müsbət emosiyalar bürümüşdü və bu müsbət enerjiyə görə Serbiyanın Azərbaycandakı səfirliyinə və şəxsən səfir Zoran Vayoviçə səfərin təşkil edilməsində göstərilən köməyə görə minnətdarlığımı bildirmək istəyirəm.
Siz də gedin, peşman olmayacaqsınız!
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət