Azərbaycanda körpələr evləri, uşaq bağçaları və uşaq evləri 10 il müddətinə mənfəət vergisi və sadələşdirilmiş vergidən azad edilib. Milli Məclisin payız sessiyasının son iclasında qəbul edilmiş “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minib.
Sənədin müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, qanunun həyata keçirilməsi müəyyən dərəcədə ölkədə məktəbəqədər müəssisələrin çatışmazlığı probleminin həllinə, bu sahədə xidmət bazarının inkişafına kömək edəcək. Uşaqların erkən yaşda məktəbəqədər təhsilə cəlb edilməsi ölkədə yeni təhsil standartlarının tətbiq edildiyi, müxtəlif yaş qruplarından olan şagirdlərə qarşı müvafiq tələblərin qoyulduğu şəraitdə mühüm əhəmiyyətə malikdir. Üstəlik uşaqların birinci sinfə müsabiqə yolu ilə qəbulu da bütün məktəblərdə tətbiq edilməyə başlayıb.
Deputatın sözlərinə görə, ölkədə uşaqlar məktəbəqədər təhsillə lazımi səviyyədə əhatə olunmayıb. Bu mənada məktəbəqədər müəssisələrə verilmiş vergi güzəştləri təqdim olunan xidmətlərin keyfiyyətinin artırılmasına, bazarın bu seqmentində qiymətlərin liberallaşmasına, eləcə də xüsusilə regionlarda bu cür müəssisələr şəbəkəsinin yaradılmasına sərmayə qoyulması üçün sahibkarları stimullaşdırmağa kömək edəcək.
Məktəbəqədər təhsil müəssisələri sistemində vergilərin azaldılması haqqında qüvvəyə minmiş qanunun əhəmiyyətini çox yüksək qiymətləndirmək çətindir, çünki ölkədə uşaq bağçalarına kəskin tələbat var. Yeni körpələr evlərinin, xüsusi uşaq bağçaları və uşaq evlərinin tikilməsi pis olmazdı. Təhsil Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə 1700-ə yaxın uşaq bağçası fəaliyyət göstərir ki, onlardan 1637-si dövlət, 40-ı özəl müəssisələrdir. Ümumilikdə respublikanın məktəbəqədər müəssisələrində 111 mindən bir qədər çox uşaq təhsil alır ki, onlar da məktəbəqədər yaşda olan uşaqların təxminən 15%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, Avropa ölkələrində bu göstərici 90%-i üstələyir. Hesablamalara görə, Azərbaycanda yalnız hər beş uşaqdan biri bağçaya gedir.
Yəqin ki, Bakıda azyaşlı uşaqları olan gənc ailələrin bir çoxu uşaq bağçası çatışmazlığı ilə üzləşiblər. Belə mənzərə respublikanın digər böyük şəhərlərində də müşahidə olunur. Bu mövzu parlamentin və Nazirlər Kabinetinin iclaslarında dəfələrlə müzakirə olunub. Vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif variantlar nəzərdən keçirilib.
Bu problemə bu qədər diqqət yetirilməsi uşaqların maraq və hüquqlarının müdafiəsi sisteminin möhkəmləndirilməsi ilə şərtlənib. Yetişməkdə olan nəslin inkişafı və tərbiyəsi üçün maksimal dərəcədə rahat şərait yaradılması dövlətin sosial siyasətinin prioritetlərindəndir. Söhbət, ilk növbədə uşaqların erkən yaşlarda yeni təlim standartlarından gedir. Uşaq bağçalarında milli kurrikulum çərçivəsində hazırlanmış yeni tədris proqramları tətbiq edilir.
Məktəbəqədər müəssisələrə tələbat təkcə ölkədə doğum səviyyəsinin yüksək olması ilə deyil, həm də ibtidai siniflər üçün müəyyən intellektual hazırlıq, bədii və riyazi məntiq tələb edən tədris proqramının spesifikası ilə də əlaqədardır.
““Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda problemin aradan qaldırılması üçün konkret vəzifələr müəyyən edilib. Sənəddə qeyd olunur ki, məktəbəqədər təhsil məzmunu tədricən dəyişən ilk təhsil pilləsidir. Lakin bu müəssisələrdə uşaqların təlim keyfiyyətinin artırılması həm də bunun üçün şəraitin yaradılmasını və bu sahədə infrastrukturun optimallaşdırılmasını nəzərdə tutur.
Bakı şəhər İcra Hakimiyyətinin bu yaxınlarda keçirilmiş xüsusi iclasında konkret rəqəmlər səsləndirildi: paytaxtda 9300 uşaq üçün nəzərdə tutulan 180-dən çox yeni uşaq bağçası tikilməsi və 192 bağçanın əsaslı təmir edilməsi lazımdır.
Bölgələrdə daha çox sayda belə müəssisələrin yaradılmasına ehtiyac var. Bu, dövlət dəstəyi tələb edən ciddi məsələdir. Lakin təhsil xidmətləri bazarının inkişafı bu prosesdə sahibkarların da iştirakını nəzərdə tutur. Onlara stimul verilməsi, güzəştli şərtlərin təqdim edilməsi bu sahəyə kapitalın cəlb edilməsi üçün vacib amillərdir. Və belə addım atılıb.
Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin baş məsləhətçisi Vasif Əmiraslanov “Azərbaycan xəbərləri”nə bildirib ki, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə uzunmüddətli vergi güzəştlərinin verilməsi haqqında" qanun məktəbəqədər təhsil sahəsində vəziyyətin keyfiyyətli şəkildə dəyişdirilməsinə, bu bazarda sağlam rəqabətin yaradılmasına, bu müəssisələrin maddi-texniki bazasının gücləndirilməsinə yönəldilib. Özəl uşaq bağçaları ilə yanaşı, özəl uşaq və körpələr evlərinin də yaradılması lazımdır. Vergi güzəştləri bu sahəyə böyük investisiyaların cəlb edilməsinə kömək edəcək.
“Vergi güzəştləri yalnız özəl məktəbəqədər müəssisələrə şamil edilmir. Məsələ bundadır ki, bu gün dövlətə məxsus bir sıra uşaq bağçaları uşaqlar üçün rəqs və ya rəsm dərnəkləri, xarici dil qrupları kimi əlavə xidmətlər təklif edirlər. Bu xidmətlərə görə ödənişlər valideynlər tərəfindən həyata keçirilir. Güzəştlərin tətbiq edilməsi ilə belə xidmət sahələri genişlənə və onların qiymətləri azaldıla bilər”, - deyə V.Əmiraslanov qeyd edib.
İradə Həsənova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət