Azərbaycanın Səhiyyə Nazirliyi əhalinin ümumi dispanserizasiyasının nəticələrinə yekun vurub. Bu sosial əhəmiyyətli tədbirə maksimal sayda insanın cəlb edilməsi, ölkədə yayılan bu və ya digər xroniki xəstəliklər barədə daha səhih məlumat əldə etmək məqsədi ilə bu il aksiya fevralın 17-dən mayın 1-nə qədər keçirilib. Nazirlik tərəfindən hazırlanmış hesabata əsasən demək olar ki, qarşıya qoyulan məqsədə nail olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, kampaniya zamanı ölkə əhalisinin yaşlı hissəsinin 65%-dən çoxu və ya 6 milyondan çox insan diaqnostikadan keçib, uşaqlar üçün ayrıca dispanserizasiya proqramı mövcuddur. Bu göstərici inişil keçirilmiş analoji aksiyanın göstəricilərini demək olar ki, iki dəfə üstələyir. Bunun üçün yerlərdə ciddi təşkil olunmuş iş aparılıb.
Profilaktik müayinə ölkənin bütün region və şəhərlərini əhatə edib. Əhalinin qəbulu və müayinəsi 245 yerli xəstəxanada, diaqnostika mərkəzində, dispanser və poliklinikada həyata keçirilib. Bundan başqa, ucqar kəndlərdə sakinlərin müayinə edilməsi üçün səyyar həkim briqadaları fəaliyyət göstərib. A.Qədirlinin sözlərinə görə, dispanserizasiya iki mərhələdə keçirilib. Birinci mərhələdə (skrininq) əhali terapevt, nevroloq, cərrah, oftalmoloq, endokrinoloq, uroloq (kişilər üçün) və ginekoloq (qadınlar üçün) müayinəsindən keçib. İkinci mərhələdə pasiyentdə bu və ya digər xəstəlik aşkarlanan zaman o, ətraflı müayinə olunmaq üçün mütəxəssislərə, həmçinin laborator və funksional analizlərin verilməsinə yönəldilib. Bura qanın kliniki və biokimyəvi analizi, flüoroqrafiya, elektrokardioqramma, USM və s. daxildir. Hər yaş qrupunda müayinələrin həcmi fərqlənir. Diaqnostikadan keçmiş insanların ümumi sayından 540 min nəfərdən çoxu ambulator, 25 min nəfərdən çoxu stasionar müalicə alıb, 8 min pasiyent müalicə olunmaq üçün paytaxt xəstəxanalarına göndərilib.
Son illər Azərbaycanda səhiyyəyə yönəldilən investisiyaların həcmi 10 dəfədən çox artıb. Bunun nəticəsində bu sahədə keyfiyyətli dəyişikliklər baş verib. Müasirləşmə tibb müəssisələrinin infrastrukturundan da yan keçməyib ki, bu da müasir diaqnostika mərkəzlərinin tikilməsinə, xəstəxanaların maddi-texniki bazasının gücləndirilməsinə, əczaçılıq bazarında vəziyyətin normallaşmasına, insan orqanlarının transplantasiyası üzrə əməliyyatlar aparmaq üçün profilli klinikaları Qərb standartlarına uyğun təchiz etməyə imkan verib. Bir sözlə, əhalinin dispanserizasiyası sisteminin fəaliyyət göstərə bilməsi üçün lazımi zəmin yaradılıb. Yeri gəlmişkən, Sovet vaxtı bu praktika uğurla tətbiq olunurdu, lakin sonralar bu proses ölkədə maddi rifahın yaxşılaşacağı zamana qədər təxirə salındı. Nəhayət ki, həmin vaxt yetişdi: əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi üçün maliyyə və təşkilati resurslar var. Bundan əlavə, tibb işçiləri də ölkədə əhalinin dispanserizasiyasının aparılmasını istəyir və bunu əsaslandırırlar.
Ölkənin baş kardioloqu, tibb elmləri doktoru Faiq Quliyev bildirib ki, dispanserizasiyanın nəticələri ətraflı şəkildə təhlil edilməlidir. Bakıda və regionlarda xroniki xəstəliklərin yayılma dinamikası fərqlidir. Deyək ki, rayonlarda ürək-damar, mədə-bağırsaq traktının pozulması, irsi qan xəstəliklərinə daha çox rast gəlinir. Paytaxtda isə endokrinoloji xəstəliklər, sinir və tənəffüs sistemlərinin patologiyası, göz xəstəlikləri daha çox yayılıb. Əldə edilən məlumatlar əsasında problemin həlli üzrə konkret addımlar atmaq mümkün olacaq. Sirr deyil ki, bu gün ekologiyanın, qida məhsullarının tərkibinin və insanların rasionunun dəyişməsi onların sağlamlığına mənfi təsir göstərir. Stres, depressiya da mənfi amillər sırasına daxildir. Bütün bunlar hipertoniya, ürək-damar və nevroloji xəstəliklərin artmasına səbəb olur. Buna görə də əhalinin dispanserizasiyası xüsusi əhəmiyyətə malikdir.
Daha bir vacib məqam. Dispanserizasiya xəstəliklərin profilaktikası, insanların sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği baxımından effektiv vasitələrdən biridir. F.Quliyevin sözlərinə görə, bu cür kampaniyalar insanlarda sağlamlıqlarının qayğısına qalmaq mədəniyyəti, sağlam həyat tərzi sürmək vərdişləri yaradır. Xəstəliyi kəskinləşdikdə deyil, ilkin mərhələdə aradan qaldırmaq daha asandır.
Sevil Rüstəmzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət