Mayın 6-da Vyanada keçmiş imperator sarayında Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyası başlayıb. Tədbirdə AŞ-yə üzv olan 47 Avropa dövlətinin nümayəndələri iştirak edir. Azərbaycan üçün bu iclas digərlərindən bir səbəbə görə fərqlənir - 2001-ci ildə bu beynəlxalq quruma üzv olduqdan bəri ilk dəfə olaraq ölkəmiz Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcək.
Leyla Məmmədova
Məlum olduğu kimi, Nazirlər Komitəsində sədrlik rotasiya prinsipi əsasında ingilis əlifbasına uyğun olaraq hər 6 aydan bir dəyişir, buna görə də status barədə deyil, sədrliyimiz dövründə bu Avropa təşkilatının icraedici orqanına rəhbərliyin hansı istiqamətlər üzrə həyata keçiriləcəyi barədə danışmaq lazımdır. Məhz seçilmiş prioritetlər Azərbaycanın AŞ ilə əsas əməkdaşlıq trendi haqqında və ölkəmizin elit Avropa klubunda iki dəfə iştirakından nə qazanması barədə xəbər verir.
İdarəetmənin Vyandan Bakıya verilməsinə hazırlıq işləri əvvəlcədən başlayıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov hələ ötən ilin sonunda bildirib ki, rəsmi Bakı Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi ilə əlaqədar fəaliyyət planı hazırlayır. Deputat xüsusilə qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə fəaliyyət planının ibarət olacağı prioritetlər Azərbaycan və Avropa dəyərləri əsasında formalaşdırılır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanda keçirilən iclasda ölkənin sədrliyi ilə bağlı təsdiq olunmuş prioritetlərinin təqdimatını keçirdiyi zaman onların konkret olaraq nədən ibarət olduğu məlum oldu. E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan növbəti altı ay ərzində Avropa Şurasının əsaslandığı üç əsas prinsipin - insan hüquqlarına hörmət, demokratiya və qanunun aliliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək. “Biz üzv dövlətlərin təcili və qəti reaksiyasını təmin etmək üçün demokratiya, təhlükəsizlik və sabitlik sahəsində Avropada mövcud olan problemlərə böyük diqqət ayıracağıq”, - deyə E.Məmmədyarov bildirib və əlavə edib ki, qərarlar dialoq, qarşılıqlı hörmət və anlaşma əsasında qəbul ediləcək.
Azərbaycanın sədrliyi dövründə korrupsiya ilə mübarizə əsas prioritetlərdən biri olacaq ki, bu da Avropa Şurasının qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bakıda korrupsiya ilə mübarizə mövzusunda yüksək səviyyəli konfrans keçiriləcək. Görüş Beynəlxalq Antikorrupsiya Akademiyasının dəstəyi ilə baş tutacaq.
Azərbaycan idman yarışlarının manipulyasiyası haqqında konvensiyanın Avropa Şurası tərəfindən qəbul edilməsi üçün maksimum səy göstərmək niyyətindədir. “2015-ci ildə Bakıda I Avropa Olimpiya Oyunları keçiriləcək və bu, sədrliyimiz dövründə sözügedən konvensiyanın qəbul edilməsinə səy göstərməyimizin daha bir səbəbdir”, - deyə E.Məmmədyarov qeyd edib.
O söyləyib ki, Azərbaycan Nazirlər Kabinetinin sədri postunda mədəniyyətlərarası dialoqu dəstəkləyərək, Avropada diskriminasiya və dözümsüzlüyə qarşı mübarizəyə də kömək edəcək. “Daima inkişaf edən cəmiyyətlərdə mədəni müxtəlifliyin idarə edilməsi bu gün Avropada diqqət mərkəzində olan mövzulardan birinə çevrilib. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin dinc və yanaşı yaşadığı ölkədir, dini və mədəni müxtəliflik hər zaman bizim gündəliyimizdə əsas məsələ olub”, - deyə o qeyd edib. Nazir, həmçinin deyib ki, Azərbaycan növbəti yarımildə mədəniyyətlərarası dialoqun dini tərkib hissəsi mövzusunda illik beynəlxalq görüş təşkil edəcək. O, bu görüşün müxtəlif mədəniyyətlərə malik cəmiyyətlərin anlaşma və qarşılıqlı hörmət əsasında birləşməsinin əhəmiyyətini önə çəkəcəyinə ümid etdiyini bildirib.
“Azərbaycan Nazirlər Komitəsinin sədri kimi sosial həmrəyliyi və dayanıqlılığı istənilən sabit və çiçəklənən cəmiyyətin vacib elementi hesab edir. Bizim fəaliyyətimiz əsasən əhalinin həssas təbəqəsinin sosial hüquqlarının təmin olunması yolunda Avropa Şurasının səylərini dəstəkləməyə yönələcək”,- deyə E.Məmmədyarov qeyd edib. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasına böyük diqqət ayırmaq lazımdır ki, Azərbaycanın sədrliyi dövründə bununla əlaqədar bir sıra tədbirlər keçiriləcək. Bu məsələ daim Avropa Şurasının diqqət mərkəzində olmalıdır, çünki XXI əsrdə Avropada milyonlarla insan silahlı münaqişə və müharibələrin qurbanına çevrilir.
Azərbaycan tərəfindən bəyan edilmiş prioritetlərin təhlili aydın şəkildə göstərir ki, bu məsələlər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidovun toxunduğu problemlərlə üst-üstə düşür. Ölkəmizdə dövlət xidmətlərinin göstərilməsində müasir texnologiyaların tətbiq edilməsi sayəsində “ASAN xidmət” sisteminin yaradılması korrupsiya ilə mübarizədə institutsional və praktiki tədbirlərin reallaşdırılmasının başlanğıcı oldu. Vətəndaş və dövlət məmuru arasında birbaşa əlaqələrin qurulmasını istisna edən, şəffaflıq və operativliyi təmin edən, korrupsiyanın və digər neqativ halların qarşısını alan islahatların aparılması göstərdi ki, ölkə rəhbərliyi bu problemin həlli üçün həm siyasi iradə nümayiş etdirir, həm də korrupsiyanın aradan qaldırılmasına kömək edir. Lakin məlum olduğu kimi, bu bəla ilə mübarizə yalnız müstəqilliyini yeni əldə etmiş dövlətlərin deyil, demokratiyanın inkişaf etdiyi ölkələrin də müstəsna hüququdur. Məhz buna görə də bu aktual problem Azərbaycanın AŞ Nazirlər Kabinetində sədrliyi dövründə prioritet məsələlər siyahısına daxil edilib. Azərbaycanın torpaqlarının bir hissəsini işğal etmiş Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanların hüquqlarının müdafiəsi ölkəmiz üçün vacib prinsipdir. Lakin təəssüf ki, bu problem yalnız bizim ölkəmiz üçün səciyyəvi deyil. Silahlı qarşıdurmaların baş verdiyi Suriya, Misir, MAR və digər ölkələrdə zorakılıq baş alıb gedir və bunun da nəticəsində qacın və köçkünlər ordusu yaranır.
Təbii ki, ərazisində tarixən müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin dinc və yanaşı yaşadığı, bütün dünyada tolerantlığı və xalqların bir-birinə hörmətlə yanaşması ilə tanınan Azərbaycan bütün Avropa üçün aktual olan bir problemdən yan keçə bilməzdi.
Multikulturalizm siyasətinin iflasa uğraması barədə bəyanatlar qloballaşma nəticəsində miqrantların axın etdiyi ölkələrə sülh və sakitlik gətirməyəcək. Birgə yaşayışı hamı üçün əlverişli etmək, müxtəlif mədəniyyətlər arasında sivilizasiyalararası dialoqu təmin etmək üçün bizim ölkəmiz kimi ölkələrin təcrübəsini öyrənmək - rəsmi Bakının yaxın altı ay ərzində Avropa Şurasına təklif etdiyi prioritetlərdən biridir.
Belə güman etmək olar ki, Bakı-Strasburq münasibətlərini (ümumi qəbul edilmiş məntiqə əsasən) müəllim və şagird tərəfdaşlığı hesab edənlər yanılırlar.
Avropa Şurasının təbliğ etdiyi dəyərlər - yüz illər ərzində qazanılmış demokratik təcrübənin əsasları Avropa ailəsinin üzvü olmuş hər kəsə bu ailədə olma müddətindən asılı olmayaraq hörmət göstərməyi nəzərdə tutur.
Digər tərəfdən biz nəyinsə və ya kiminsə xatirinə Avropa birliyinə inteqrasiya yoluna qədəm qoymamışıq və Avropa Şurasında qəbul edilmiş prioritetlərə (demokratiya, qanunun aliliyi və insan hüquqlarına əməl olunması) uyğunlaşmaq öhdəliyini götürməmişik. Bu dəyərlərin qəbul edilməsi və götürülən öhdəliklərin yerinə yetirilməsi bizim özümüz üçün vacibdir. Ona görə yox ki, bunun müqabilində qarşıda bizi Avropa Birliyinə daxil olmaq və ya buna bənzər hər hansı bir “şirin mükafat” gözləyir. Ona görə ki, ölkə rəhbərliyi və cəmiyyət anlayır ki, bizim yolumuz birdir. Və bu yolla birlikdə bir-birimizə dəstək olaraq addımlamaq lazımdır. Necə deyərlər, yol gedənindir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət