Ötən həftə Bakıda səfərdə olan Dünya Bankının regional direktoru Sebastyan Molineus Prezident İlham Əliyev, baş nazir Əli Əsədov, Mərkəzi Bankın rəhbərliyi və hökumət nümayəndələri ilə görüşüb. Bankın Bakı ofisinin yeni rəhbəri Sara Maykl "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bu səfərin nəticələri, Azərbaycan və Dünya Bankı arasında gələcək əməkdaşlıq planları barədə danışıb.
Dünya Bankı koronavirus pandemiyası nəzərə alınmaqla 2020-ci ildə Azərbaycanla əməkdaşlığın nəticələrini necə qiymətləndirir? Cari il üçün əməkdaşlıq prioritetləri nələrdən ibarətdir?
Hesab edirəm ki, 2020-ci il bizim həyatımızda unikal, Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq baxımından isə mühüm il olub. Bu, koronavirus pandemiyasından əvvəl hazırlanmış, lakin pandemiya və post-pandemiya dövründə daha da aktuallaşan Məşğulluğa dəstək layihəsi də daxil olmaqla bir neçə yeni layihəmizin olduğu bir ildir. Bundan başqa, bizim yeni layihəmiz, daha doğrusu, ədliyyə sistemində islahatların davam etdirilməsi layihəsi çərçivəsində əlavə maliyyələşdirmə də olub. Bu layihə ədliyyə sisteminə çıxış imkanlarının yaxşılaşdırılması ilə yanaşı, ölkədə rəqəmsal xidmətlərə çıxışı yaxşılaşdırmaq üçün əla pilot layihə ola bilər ki, bu da xüsusilə pandemiyadan sonrakı dövrdə çox aktualdır.
Beləliklə, il yeni başlanğıclar baxımından çox önəmli oldu. Lakin mən xüsusi şəraitə baxmayaraq, daha əvvəl başlanmış layihələrin reallaşdırılması baxımından ilin nə qədər uğurlu olduğunu qeyd etməyə şadam. Biz qlobal pandemiyadan və qlobal böhrandan danışırıq, lakin keçən il Azərbaycan üçün üçqat sınaq oldu – pandemiya, neftin qiymətləri ilə bağlı şok və müharibə. Ona görə keçən il Azərbaycan üçün xüsusilə mürəkkəb və gözlənilməz il olub. Bütün bunlara baxmayaraq, layihələrimiz uğurla və qrafikə uyğun həyata keçirilir. Həmçinin bütün analitik işlərimiz də uğurla icra edilib - keçən il biz insan kapitalı ilə bağlı hesabat hazırladıq, su təhlükəsizliyi və rəqəmsal resurslar, genişzolaqlı internet və sair üzrə müxtəlif tədqiqatlar apardıq. Bütövlükdə, keçən il Azərbaycanla əməkdaşlığı genişləndirmişik və möhkəmləndirmişik.
2021-ci il üçün planlara gəlincə, yol sahəsində yeni layihə hazırlanır. Bu, bir növ təkamüldür - Azərbaycanda 25 il ərzində bir neçə nəqliyyat layihələrimiz olub. İndiki layihə də nəqliyyat layihəsidir, lakin əsasən regional əlaqələrə fokuslanır. Söhbət Salyan-Biləsuvar avtomobil yolunun yenidən qurulmasından gedir. Bundan başqa, vəsaitin bir hissəsindən avtomobil yolunun keçdiyi regionun iqtisadi imkanlarının inkişafı üçün istifadə edilməsi planlaşdırılır. Layihə son hazırlıq mərhələsindədir və növbəti üç ay ərzində DB-nin İdarə Heyəti tərəfindən təsdiq olunacaq.
Biz, həmçinin cari il ərzində Azərbaycanda böyük işlər görməyi planlaşdırırıq və 2021-2025-ci illər üçün ölkənin iqtisadi inkişaf strategiyasının hazırlanması çərçivəsində Azərbaycan Hökuməti ilə əməkdaşlıq ən yaxın bənd ola bilər. Biz işçi qrupları müxtəlif analizlərlə dəstəkləyə bilərik.
Siz qeyd etdiniz ki, ədliyyə sistemində islahatlar layihəsi ölkədə rəqəmsallaşmanın inkişafı üçün yaxşı pilot layihə ola bilər. Sizcə, rəqəmsallaşma üçün ən vacib sahələr hansılardır?
Hesab edirəm ki, bu cür layihə həm özəl, həm də ictimai xidmət sahələrində tətbiq edilə bilər – hər şey sistemin rahatlığında və əhalinin hazırlığındadır. Məsələ burasındadır ki, məsələn, əslən olduğum Kanadada pandemiya insanların həyatın bütün aspektlərinə – təhsilə, maliyyə xidmətlərinə, sahibkarlıq fəaliyyətinə münasibətini tamamilə dəyişib. Buna görə əhali üçün sadə interfeyslər yaratmaq vacibdir. Yeri gəlmişkən, hüquq sistemi kifayət qədər mürəkkəbdir. Orada yalnız funksionallıq deyil, həm də təhlükəsizlik vacibdir. Hesab edirəm ki, bütün bunlar bu layihəni həyata keçirməklə əldə edə biləcəyimiz müsbət təcrübədir.
Siz hazırlanan yeni yol layihəsi barədə danışdınız. DB cari ildə Azərbaycanda daha hansı layihələri həyata keçirməyi planlaşdırır?
Biz hökumət tərəfindən tələb əsasında işləyirik. Biz Azərbaycan hökumətinin maraqlı hesab etdiyi istənilən sektorda işləməyə hazırıq. Hesab edirəm ki, milli iqtisadi inkişaf strategiyasının hazırlanmasını nəzərə alaraq, bir neçə ay gözləmək və COVID-19-dan sonra dünyada vəziyyətə, yeni reallıqlara baxmaq lazımdır. Biz dünyada bu cür siyasətin tərəfdarıyıq, tələsmək istəmirik, lakin ölkəyə istənilən sahədə lazımi dəstək verməyə hazırıq.
Ötən ilin iyun ayında Azərbaycan hökuməti DB-yə ölkənin maliyyə sektorunun (FSAP) yeni, üçüncü qiymətləndirilməsini aparmağı təklif edib. Bu istiqamətdə işlər necə irəliləyir? DB Azərbaycanın maliyyə sektorunu və pandemiyanın bu sektora təsirini bütövlükdə necə qiymətləndirir?
DB maliyyə sektorunun qiymətləndirilməsini Beynəlxalq Valyuta Fondu ilə birgə həyata keçirir və hazırda bu işlər davam etdirilir. Qiymətləndirmə bütövlükdə sektoru, bazarda mümkün volatilliyi nəzərdən keçirir, maliyyə sisteminin möhkəmləndirilməsi üçün müxtəlif tədbirləri müəyyən edir. İşlər hələ davam edir və hesabat birbaşa hökumətə göndəriləcək, buna görə də hələ yeni heç nə deyə bilmərəm. Lakin bu yaxınlarda biz Azərbaycan üzrə gözlənilən artımın qeyd olunduğu yeni icmal təqdim etdik. Hökumət pandemiyaya yaxşı müqavimət göstərir və iqtisadiyyatı sabit səviyyədə saxlaya bilib, biz də maliyyə sektorunda sabitlik gözləyirik. Bundan başqa, hazırda ölkədə pandemiyaya qarşı vaksinasiya proqramı həyata keçirilir, bu səbəbdən hesab edirəm ki, bu il müəyyən artım, gələn il isə vəziyyətin daha da yaxşılaşmasını görəcəyik.
Qiymətləndirmənin nə zaman başa çatdırılması planlaşdırılır?
Dəqiq tarixləri deyə bilmərəm, ancaq məqsədimiz qiymətləndirməni yayda başa çatdırmaqdır.
DB-nin Azərbaycan üzrə yeni strategiyası hazırlanırmı? DB Azərbaycanla tibbi sığorta, su sektoru, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, texnologiya və digər sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Bu gün hansı sahələr maliyyələşdirilmə nöqteyi-nəzərindən daha prioritet və maraqlıdır?
Əvvəlki strategiyamız keçən il başa çatıb. Lakin biz tələsmirik və yeni strategiyanın hazırlanması istiqamətində işlər pandemiya ilə əlaqədar bir qədər ləng gedir. Bu, onunla şərtlənib ki, ortamüddətli dövr üçün strateji cəhətdən daha vacib istiqamətləri müəyyən etmək çətindir. Bu il Azərbaycanla bağlı vəziyyətdə ölkə üzrə strategiyamızı hökumət strategiyası ilə eyni vaxtda işləyib hazırlamaq üçün unikal şansımız oldu. Buna görə cari ildə bu istiqamətdə hökuməti maksimum dərəcədə dəstəkləyəcəyik. Hökumətin 2030-cu ilə qədər özünün əsas prioritetləri adlandırdığı prioritetlər DB tərəfindən tam dəstəklənir. Hökumətin strategiyanı (2021-2025-ci illər üçün) ilin sonunadək hazırlayacağı gözlənilir. Biz isə öz növbəmizdə, paralel olaraq öz təhlillərimizi aparırıq - artıq özəl sektorun diaqnostikasının aparılmasına və iqtisadi vəziyyətin qiymətləndirilməsinə başlanılıb. Bundan sonra Azərbaycanla yeni əməkdaşlıq strategiyasının əsasını təşkil edəcək ölkə üzrə diaqnostikanın aparılması planlaşdırılır. Beləliklə, artıq bir ildən sonra Azərbaycan üzrə yeni strategiyamızın necə görünəcəyi ilə bağlı tam anlayışımız olacaq.
DB Azərbaycanda biznes mühitinin yeni inkişaf proqramının hazırlanmasında iştirak etməyi planlaşdırırmı?
Biz hökuməti müxtəlif qiymətləndirmələr və diaqnostikalarla, eləcə də müxtəlif ölkələrdə iş təcrübəsini bölüşməklə fəal şəkildə dəstəkləyirik, buna görə də biz bu proqramın hazırlanmasında iştirak etməkdə maraqlıyıq. İndi biz biznesə və sahibkarlara dəstək vermək üçün müxtəlif alətləri, onların digər ölkələrlə müqayisədə oxşarlığını və fərqini, həmçinin inkişaf etdirilməli olan məqamları fəal şəkildə öyrənirik. Bir neçə əsas məqam var – onlardan biri yeni texnologiyaları qəbul etmək imkanıdır və bu, Azərbaycanda, xüsusilə də neft sektorunda kifayət qədər yüksək səviyyədədir. Digər tərəfdən, inkişaf etdirilməli olan istiqamətlərdən insan kapitalının yaxşılaşdırılmasını qeyd edərdim. Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) biznes mühitinin dəstəklənməsi istiqamətində böyük işlər görür. Hazırda onlar biznes yoxlamaları sistemində islahatlar üzərində işləyirlər.
Azərbaycan Prezidenti ilə görüş zamanı işğaldan azad edilmiş torpaqların bərpası çərçivəsində əməkdaşlıq ideyaları səsləndirilib. DB Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə layihələrin maliyyələşdirilməsində maraqlıdırmı?
Bu, Prezident İlham Əliyevlə müzakirə etdiyimiz məsələlərdən biri olub. Biz özümüzü Dünya Bankı adlandırırıq, amma rəsmi adımız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. Biz İkinci Dünya müharibəsindən sonra bərpa işlərinin həyata keçirilməsi məqsədilə yaradılmışdıq. Münaqişələrdən sonra bərpa və inkişafın dəstəklənməsi fəaliyyətimizin əsas sahələrindən biridir. Biz prezidentə bildirdik ki, zərər çəkmiş ərazilərin bərpa olunmasında lazımi vaxtda iştirak etməkdən məmnun olacağıq. Çünki bölgədə təhlkəsizlik məsələləri hələ qalmaqdadır. Hökumətlə bu istiqamətdə əməkdaşlıq etməkdən məmnun olarıq.
Biz bölgədəki ehtiyacları və bir neçə potensial istiqaməti müzakirə etdik. Bunlar əsasən, insanların yaşayışı üçün şəraitin (tibbi xidmətlərə, təhsilə çıxış), yaşayış yerlərinin, iş yerlərinin, sağlam ətraf mühitin yaradılmasına yönəlmiş infrastruktur xarakterli tələbatlar idi. Həmçinin regionda kommunikasiyaların açılmasından sonra yaranacaq yeni ticarət imkanları (həm regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyası, həm də ticarət və logistikanın regional və dünya miqyasında inkişafı, yeni ticarət yollarının yaradılması baxımından) müzakirə olunub. Bunun sayəsində Azərbaycan nəqliyyat mərkəzinə çevrilmək üçün bütün imkanlara malikdir və bu, ölkənin güclü inkişafına xidmət edəcək. Ümumiyyətlə, biz bu mövzuda və müxtəlif aspektlərdə çox danışdıq və bu məsələdə hökumətlə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirdik.
DB Azərbaycan iqtisadiyyatının ortamüddətli perspektivlərini necə qiymətləndirir? Hansı sektorlar yaxın 2-3 il ərzində ölkənin iqtisadi artımının drayverləri ola bilər?
Azərbaycanın artım üçün böyük potensialı var və hökumət artıq qarşıya 2030-cu ilə qədər ÜDM-nin ikiqat artırılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun artımı ilə bağlı iddialı məqsəd qoyub. Biz kənd təsərrüfatı, nəqliyyat və logistika, ticarət kimi bir sıra perspektivli istiqamətləri artıq qeyd etmişik. Turizm sahəsi də perspektivlidir və burada Azərbaycan böyük imkanlara malikdir. Fikrimcə, insan kapitalının möhkəmləndirilməsi, xüsusilə özəl sektorun artımının dəstəklənməsi də vacibdir. Həmçinin birbaşa xarici investisiyalar prioritet olaraq qalacaq. "Yaşıl" inkişaf, bərpa olunan enerji mənbələri üçün yaxşı imkanlar var. Bütövlükdə, hesab edirəm ki, cəlbedici sahələr olduqca çoxdur. İl ərzində Azərbaycanın "yaşıl" inkişaf potensialının diaqnostikasını aparmağı planlaşdırırıq və bu, ölkə üzrə strategiyamıza daxil etməyi planlaşdırdığımız daha bir amildir. Elə sahələr var ki, onlar 5-10 ildən sonra artıma gətirib çıxara bilər, lakin biz Azərbaycana məhz innovativ sahələrdə uğurlu mövqe tutmaqda kömək etmək istəyirik. Odur ki, artım üçün perspektivlər var, ÜDM-nin artımına gəldikdə isə, biz bu il iqtisadiyyatın bərpasını və gələn il artımını gözləyirik.*
Söhbət etdi Ənvər Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət