“İnterfaks-Azərbaycan” agentliyinin Fələstinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nasser Abdul Kərim ilə müsahibəsi
- Cənab səfir, bizə məlumdur ki, sizin hökumət Fələstinə “müşahidəçi dövlət” statusu verilməsi məqsədilə noyabrın 29-da BMT-yə müraciət etmək niyyətindədir. Bu məsələdə səsvermədə Azərbaycandan nə gözləyirsiniz?
- İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycan ilə Fələstinin münasibətləri dərin tarixə malikdir. Azərbaycan hər zaman Fələstini dəstəkləyib. Bu gün həmin dəstək hiss edilir. Bu iki dövlətin qardaşlıq birliyidir. Bununla yanaşı, Azərbaycan və Fələstin eyni mövqedən çıxış edir. Beynəlxalq qanunvericiliyin tətbiqi və beynəlxalq ədalətin qorunması məsələlərində ölkələrimizin mövqeyi tamamilə üst-üstə düşür. Fələstinin BMT-yə müraciətinə gəlincə, Azərbaycan tərəfi bunu dəstəkləyir.
Fələstinin məqsədi Tel-Əvivlə dinc danışıqları dayandırmaq deyil. Əksinə, İsrail tərəfi, daha dəqiq desək, Benyamin Netanyahu hökuməti bu prosesi məqsədyönlü şəkildə ləngidir. Lakin, buna baxmayaraq, Fələstin tərəfi hər necə olsa müraciət edəcək.
Azərbaycan Respublikası başda olmaqla qardaş dövlətlərin də dəstəyini qeyd etmək istərdim. Çünki Fələstin məsələsində Azərbaycanın mövqeyi birmənalı, sabit və dəyişilməzdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Fələstin xalqının hüquqlarının bərpası dəstəklənib. Bu gün həmin dəstək dövlət başçısı İlham Əliyev tərəfindən də hiss edilir. Azərbaycan hökumətinin bu məsələdə mövqeyi açıqdır.
Əlavə etmək istərdim ki, Fələstinin BMT-yə müraciəti İsrail ilə dinc danışıqlar prosesinə ziyan vurmur. Əksinə, təkan ola bilər.
BMT-yə müraciət etmək Fələstin xalqının pozulan hüquqlarının bərpa edilməsi düşüncəsindən irəli gəlir.
- Cənab səfir, son bir neçə gün ərzində İsrail yenidən Qəzza zolağına aviazərbələr endirməyə başlayıb. İsrailin baş naziri Benyamin Netanyahu çıxışında bu zərbələri İsrail əhalisinin təhlükəsizliyi fikirləri ilə əlaqələndirib. Siz bu barədə nə deyərdiniz?
- Baş nazir Benyamin Netanyahu hökuməti – İsrail tarixində ən radikal hökumətdir. Bu hökumətin nümayəndələri sərt ideyaları ilə fərqlənirlər.
İsrailin qəfildən Qəzzaya hücumu əslində B.Netanyahu hökuməti tərəfindən öncədən planlaşdırılan addımdır. Məqsəd, ilk növbədə, BMT-yə ərizə vermək istəyən Fələstin tərəfini fikrindən daşındırmaqdır. İkincisi, iki aydan sonra İsraildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar ola bilər. Yəni, Qəzzaya hərbi hücum yolu ilə B.Netanyahu partiyasının seçkilərdə qələbəsini təmin etməyə cəhd edə bilər.
Son dörd il ərzində B.Netanyahu hökuməti danışıqlar prosesində heç bir irəliləyiş əldə edə bilməyib. Bu qətiyyən Fələstin tərəfi ilə əlaqədar deyil. Danışıqlar prosesinin nəticəsiz olması İsrail hökumətinin siyasəti ilə bağlıdır. Regionda sülhə nail olamq yalnız Fələstinin maraqlarına xidmət etmir. Bu Fələstinlə yanaşı İsrail və bütün dünyanın maraqlarına cavab verir. Regionda baş verənlərin bütün aspektləri nəzərə alınaraq bircə nəticə yaranır - B.Netanyahu hökumətinin siyasəti nəticəsində Fələstin-İsrail münaqişəsinin dinc yolla nizamlanması prosesi ləngiyir.
Bütün dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlar baş verənlərə şahiddir.
Bizim məqsədimiz birdir və aydındır. Sülhün bərqarar olmasını istəyirik, məqsədimiz – 1967-ci ilin sərhədləri çərçivəsində Şərqi Qüdsdə paytaxtı olan (Yerusəlim – İF-Az) Fələstin dövləti yaratmaqdır.
- Siz ölkələrimiz arasında mövcud tarixi münasibətlər barədə müsbət fikir söylədiniz. Azərbaycanın Fələstində səfirlik açacağını gözləyirsiniz?
- Tərəflər Fələstində Azərbaycanın səfirlik açmağını istəyir. Lakin, maddi-texniki baza ilə əlaqədar bəzi çətinliklər mövcuddur. Bu Fələstin torpaqlarının İsrail tərəfindən işğal edilməsi ilə bağlıdır, bu isə işlərdə çətinliklər yaradır. Yaxın gələcəkdə, deyərdim ki, qısa zaman ərzində Azərbaycanın Fələstində səfirliyi açılacaq.
- Birgə hökumət komissiyaları mövcuddurmu? Əgər yoxdursa, bu istiqamətdə hansı işlər aparılır?
- Fələstin səfirliyi iki qardaş ölkə arasında birgə hökumət komissiyalarının yaradılması məsələsinin əlaqələndirilməsində maraqlıdır. Ölkələrimizin bir çox regional və beynəlxalq məsələlərdə mövqeyinin üst-üstə düşdüyü faktı nəzərə alınaraq bu cür komissiyaların yaradılması münasibətlərin daha da möhkəmlənməsinə imkan yarada bilər. Bu gün bu istiqamətdə iş aparılır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət