Fevral ayının əvvəli Azərbaycan üçün ilk peykin istismara verilməsi ilə yadda qalıb. İlk peykin istismara verilməsi, Azərbaycanın kosmik sənayesinin inkişaf perspektivləri haqqında “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev müsahibəsində məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyinin “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyevə müsahibə üçün sualları
- İlk peykin istismara verilməsi daha çox imic və ya kommersiya layihəsidir?
- Son illərdə yüksək inkişaf tempinə malik olan Azərbaycan öz iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafı və yürütdüyü siyasəti ilə regional əhəmiyyətli iştirakçıya çevrilib, dünyanın diqqətini özünə cəlb edə bilib.
Kosmik sənayenin yaradılması prizmasından yanaşdıqda telekommunikasiya peykinin istehsalı, orbitə çıxarılması və bu layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq kreditlərin cəlb edilməsi və həmçinin çox münasib şərtlərlə baş tutması yaranmış bu imicin müsbət nəticəsi kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, peyk sistemlərinin yaradılması, telekommunikasiya peykinin istismara verilməsi öz növbəsində Azərbaycanın nüfuzuna də müsbət təsirini göstərir. Belə ki, hazırda Azərbaycan MDB regionunda telekommunikasiya peykinə sahib olan 3 ölkədən biri, Qafqaz regionunda isə ilk peykə sahib ölkədir.
Peykin istehsalı və orbitə çıxarılması ilə əlaqədar bütün proseslərdə 10-dan çox inkişaf edən dünya ölkəsi ilə yüksək səviyyəli əməkdaşlıq edilib ki, bu da bir daha Azərbaycanın etibarlı tərəfdaş kimi imicini möhkəmləndirir.
Telekommunikasiya peykinin istismara verilməsinin regional və beynəlxalq səviyyədə nəzərdə tutulan əsas məqsədi yalnızca beynəlxalq imicin formalaşdırılması deyil, eyni zamanda Azərbaycanın, enerji sahəsində olduğu kimi, bu sahədə də regional liderə və regional “hab”-a çevrilmək məqsədi ilə əlaqədardır.
İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı ilə bağlı Azərbaycan hökuməti tərəfindən həyata keçirilən əsas layihələrdən biri də telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə buraxılmasıdır. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda prioritet sahə elan edilib. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Peyk layihəsinin iqtisadi cəhətdən səmərəli olmasına gəldikdə isə, son illərin tendensiyası göstərir ki, innovativ və texnoloji cəhətdən inkişaf etmiş peyk sənayesi dünya üzrə ən səmərəli və gəlirli biznes sahələrindən birinə çevrilmişdir. Avropa Peyk Operatorları Assosiasiyasının məlumatlarına əsasən peyk sənayesinə yatırılan hər 1 avro dövlət vəsaiti birbaşa və ya dolayı formada 47 avro gəlir gətirir. Peyk Sənayesi Assosiasiyasının təqdim etdiyi statistikaya əsasən 2011-ci ildə dünya üzrə peyk sənayesinin gəlirləri 177,3 milyard ABŞ dolları olub. Son 5 ildə Dünya Peyk Sənayesinin Gəlirləri davamlı olaraq artmışdır və bu artım dünya maliyyə böhranına rəğmən hər il orta hesabla 9 faiz təşkil edib. Bir çox ölkələr və iri transmilli şirkətlər məhz mənfəət əldə etmək üçün bu sahəyə milyardlarla dollar məbləğində investisiyalar qoyurlar. Dünyada çoxsaylı peyklərə malik ölkələr və şirkətlər çoxdur. Ancaq, son illərdə bütün qitələrdə regional müstəvidə fəaliyyət göstərən operatorların çoxalması tendensiyası müşahidə olunmaqdadır. “Azərkosmos” kimi regional operatorların çoxalma tendensiyası və gəlir əldə edərək uğur qazanması müştərilərə coğrafi yaxınlıq, dil faktoru üstünlüyü, biznesin idarə olumasının çevikliyi, iri şirkətlərin diqqət mərkəzində olmayan bölgələrdə peyk xidmətlərinə yaranan tələbatın aktuallaşması və sair bu kimi amillərlə bağlıdır.
- Nə zaman peyk “Azərkosmos” ASC-nin idarəçiliyi altına keçəcək?
- “Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Kuru kosmodromundan təyin olunmuş geostasionar keçid orbitinə çıxarıldıqdan dərhal sonra peykin sistemləri yoxlanmış və saz olduğu təsdiq olunub. Hazırda peykin erkən orbit əməliyyatları plana uyğun müvəffəqiyyətlə davam edir. Orbitin çevrələnməsi üçün tələb olunan mühərrik istifadəsi artıq bir neçə dəfə uğurla yerinə yetirilmişdir. Peykdən qəbul edilən məlumat həm Azərbaycandakı stansiyalardan, Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərindən, həm də dünya üzrə bir neçə stansiyadan izlənilir.
Peykin idarəetməsi orbitdə aparılan sınaqlar başa çatdıqdan sonra, təqribən mart ayının ortalarında tam olaraq “Azərkosmos” ASC-yə təhvil veriləcəkdir və müstəqil olaraq mütəxəssilərimiz tərəfindən həyata keçiriləcək.
- Azərbaycanın ilk peykinin hazırlanması və orbitə çıxarılması son olaraq hansı məbləğə başa gəlib? Peyk neçə il istismar olunacaq və peykin resurslarını icarəyə verməklər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hansı həcmdə gəlir əldə etməyi ümid edir?
- “Azerspace-1” peyki layihəsinin ümumi dəyəri 233 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 121,7 milyon ABŞ dolları peykin hazırlanmasına, 93,8 milyon dolları peykin orbitə çıxarılmasına, 17,5 milyon ABŞ dolları isə Peykin orbitə buraxılması və orbitdə birillik istismarının sığortası və sığorta haqqının sığortasına sərf olunmuşdur. Yəni, layihənin dəyəri yalnız peykin istehsalını əhatə etmir, eyni zamanda peykin orbitə buraxılma xidmətlərini və sığorta xərclərini ehtiva edir.
Peykin hazırlanmasına sərf olunan 121,7 milyon ABŞ dollarındakı məbləğə təkcə peykin istehsalı deyil, əlaqədar yerüstü avadanlığın quraşdırılması və həmçinin kadrların hazırlanması kimi layihə ilə əlaqədar digər xərclər də daxildir. Peykin orbitə çıxarılması üçün isə qiymət beynəlxalq praktikaya uyğun olaraq, çəkiyə görə hər kiloqram üzrə hesablanır.
“Azerspace-1” peykinin orbitə buraxılmasının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası büdcəsindən yalnız 15% vəsait ayrılıb, qalan məbləğ isə mötəbər maliyyə qurumlarla əməkdaşlıq əsasında əldə olunan xarici kreditlər hesabına təmin edilib. Təsadüfi deyil ki, peykin orbitə buraxılmasının maliyyələşdirilməsi ilə əlaqədar əldə olunan kreditə dair saziş “GTR: Ticarət və Maliyyə Xəbərləri” jurnalı tərəfindən “2011-ci il üzrə ən yaxşı maliyyə sazişləri” sırasına daxil edilib. Əlamətdar haldır ki, “Azerspace-1” peykinin sığortalanması üzrə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub.
“Azərspace-1” peykinin gəlirlərinin 15 illik istismar müddəti ərzində təqribən 500-600 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.
- Peykin resurslarının hansı hissəsini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi icarəyə verməyi planlaşdırır? Resursların icarəsindən ilk gəlir nə zaman və hansı həcmdə daxil olmağa başlayacaq?
- Qeyd etdiyim kimi, Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. Əlamətdar haldır ki, hələ peyk buraxılmamış peykin tutumlarının 40%-i artıq uzunmüddətli icarə razılaşması əsasında Malayziyanın peyk operatoru olan “MEASAT” şirkətinə satılıb. Məlumdur ki, Azərbaycanın daxili ehtiyacları üçün peykin tutumlarının yalnız 20%-nə ehtiyac vardır, tutumların qalan hissəsi üzrə isə xarici bazarlarda satış imkanlarına dair araşdırmalar aparılıb, təkliflər qəbul edilib və bir çox ilkin razılaşmalar əldə olunub.
Hazırda, daha çox satış imkanlarının müəyyən edilməsi məqsədilə beynəlxalq sərgi və konfranslarda iştirak olunur, topdansatış və teleport şirkətləri ilə danışıqlar aparılır, yerli televiziya şirkətlərinin ən qabaqcıl peyk texnologiyaları ilə təmin edilməsi məqsədilə inteqrasiya məsələləri üzrə iş aparılır.
- Peykin istismarı Azərbaycanda internet, rəqəmsal televiziyanın keyfiyyətinə necə təsir göstərəcək?
- “Azərkosmos” ASC peyk rabitə xidmətlərini təklif edən peyk operatoru şirkəti kimi, təbii olaraq, bazarda rəqabətin çoxalmasına, rəqabət mühitində rabitə xidmətlərinin keyfiyyətinin artmasına töhfə verəcək. İqtisadiyyatın qəbul edilmiş təbii qanunudur ki, təklif və rəqabətin artması bazar qiymətlərinə müsbət təsir göstərir. Başqa sözlə, “Azərkosmos” ASC-nin sahə üzrə bazar qiymətlərinə birbaşa təsirindən söhbət getmir, peyk tutumlarının satışının təşkili vasitəsilə rabitə xidmətləri üzrə keyfiyyət və rəqabət mühitinin ümumi olaraq inkişaf etdirilməsi və beləliklə də bazarda gözlənilən müsbət dəyişikliklərin əldə olunmasına təsir göstərilməsi nəzərdə tutulur.
Ümumiyyətlə isə, “Azerspace-1” peyki 2013-cü ilin əvvəlində orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq.
- 2015-2016-cı illərdə “Azərkosmos” daha iki peyk orbitə buraxmağı planlaşdırır. Onların istismarı hansı məqsəd güdür və xərcləri hansı məbləğdə qiymətləndirilir?
- Azərbaycan üçün milli təhlükəsizlik və iqtisadi mənfəət baxımından böyük əhəmiyyət kəsb edən məsafədən zondlama peyklərinin orbitə çıxarılması istiqamətində aparılan işlər çərçivəsində ilkin olaraq aşağı orbitli peyklərin imkanlarının ölkəmizdə istifadə və tətbiq istiqamətlərinin öyrənilməsi üzrə yerli və xarici bazarlara dair araşdırmalar aparılıb və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılıb. Bu peykin istehsalı ilə əlaqədar “Azərkosmos” tərəfindən keçirilən tenderin nəticələri çox yaxın zamanda müəyyən olunacaq.
Azərbaycanda universal yerüstü stansiyanın qurulması və digər operatorların region üzərindən keçən yüksək ayırdetməli peyklərindən təsvirlərin qəbulu regional bazarda optik və radar təsvirlərə olan tələbatı ödəyəcək. Bununla əlaqədar, “Azərkosmos” tərəfindən universal yerüstü stansiyanın və müxtəlif peyklərdən peyk təsvirlərinin əldə edilməsi xidmətlərinin satınalınması üzrə açıq tender elan edilib. Hazırda optik və radar təsvirlərin ölkəmizdə və region bazarında tətbiq imkanları, təsvirlərə tələbat və təsvirlərdən istifadə edilməsinin verəcəyi üstünlüklər barədə biznes plan hazırlanmaqdadır.
2016-cı ildə orbitə çıxarılması planlaşdırılan ikinci telekommunikasiya peyki ilə əlaqədar isə orbital mövqelərin koordinasiyası aparılır. Hazırda yeni orbital mövqelərin əldə edilməsi istiqamətində müzakirələr aparılır və ən optimal orbital mövqenin əldə edilməsi üçün səylər davam etdirilir. Yalnız optimal orbital mövqe barədə yekun nəticəyə gəlindikdə peyk üzrə satınalma prosedurlarına və digər işlərə başlanıla bilər. Bununla yanaşı, ikinci telekommunikasiya peykinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzərində də iş aparılır.
- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində AZərbaycanın kosmik sahəsinin inkişafı üçün “Azərkosmos” ASC tərəfindən hansı tədbirlər həyata keçiriləcək? Azərbaycan 2021-ci ilə qədər neçə peyki orbitə buraxmağı planlaşdırır?
- “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı, həmçinin, “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət proqramının təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına xüsusi zəmin yaradıb. Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən, digər çoxməqsədli peyklərin orbitə çıxarılması, ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir.
Bu Dövlət Proqramı növbəti 5 ildə kosmik sənayenin yaradılması və inkişafına xüsusi təkan verəcək, Dövlət Proqramının yerinə yetirilməsi üzrə nəticələr və sahə üzrə dəyişikliklər nəzərə alınmaqla, sonrakı mərhələlər üçün tədbirlər müəyyənləşdiriləcək. Ölkəmiz üçün yeni sənaye sahəsi olduğu üçün, peyklərin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların alınması və emalı üzrə kadr hazırlığı kosmik sənaye potensialının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir və indiki mərhələdə ən vacib məsələlərdən sayılır.
2013-cü ilin əvvəlində ilk telekommunikasiya peykinin, 2015-ci ildə aşağıorbitli peykin, 2016-cı ildə 2-ci telekommunikasiya peykinin, daha sonrakı illərdə isə digər telekommunikasiya peyklərinin orbitə buraxılması ölkə olaraq bizi peyk rabitə xidmətlərinin istifadəçisindən təminatçısına çevirərək, eyni zamanda gələcəkdə bu sahə üzrə istehsalçı və beynəlxalq bazarın iştirakçısı qismində çıxış etməyimiz, habelə dünya informasiya məkanına inteqrasiyamız üçün güclü elmi-texniki və iqtisadi zəmin hazırlayır.
- İlk peyki orbitə çıxardıqdan sonra “Azərkosmos” bu istiqamətdə müəyyən təcrübə əldə edib. “Azərkosmos” digər ölkələrə peyklərinin kosmosa buraxılması məsələsində xidmətlər göstərməyi planlaşdırır?
- Peykin əhatə zonasına daxil olan ölkələr üzrə layihəyə göstərilən maraq kifayət qədər çoxdur. Güclü strateji tərəfdşlıqlar üzərində qurulan operativ fəaliyyət və müştəri məmnuniyyətinin əsas götürüldüyü iş prinsipləri “Azərkosmos” tərəfindən təhlükəsiz və etibarlı peyk rabitə xidmətləri göstəriləcəyinə olan etimadı artıraraq layihəni kommersiya nöqteyi-nəzərindən region ölkələri üçün daha cəlbedici edir.
Xarici ölkələr, qurumlar və şirkətlərlə əməkdaşlıq bu istiqamətdə aparılan işləri daha səmərəli edir, innovasiyaları təşviq edir və resursların təkrar bölünməsinə təkan verir. “Azərkosmos” ASC fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə sıx əməkdaşlıq yaratmış, habelə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) kimi bır sıra beynəlxalq təşkilatlarla kosmik sahə üzrə bir çox müstəvilərdə regional əməkdaşlıq istiqamətində mühüm işlər aparıb.
“Azərkosmos” ASC-də kosmik sahə üzrə inkişaf etmiş təcrübəyə malik ölkələr və şirkətlərlə təcrübə mübadiləsi aparır. Biz ABŞ, Fransa, Kanada, Malayziya kimi ölkələrlə, həmçinin Türkiyə ilə sıx əməkdaşlıq edirik.
Cavablarınıza görə minnətdarlığımızı bildiririk.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət