“İnterfaks-Azərbaycan” agentliyinin ATƏT Parlament Assambleyasının prezident seçkilərini müşahidə missiyasının üzvü Aleksandr Stoyanov ilə müsahibəsi.
- Aleksandr Mikolayeviç, Azərbaycanda prezident seçkilərinin yekunları barədə nə deyə bilərsiniz? Tərkibinə daxil olduğunuz ATƏT PA müşahidə missiyasının rəhbərinin fikirləri nə dərəcədə həqiqətə uyğundur?
- ATƏT PA müşahidə missiyasının rəhbərinin çıxışı məndə nəinki təəccüb, həm də hiddət doğurub. Mən onun bütün söylədiklərini təkzib edirəm. Çünki o, bizdən, müşahidəçi olan hər bir iştirakçıdan eşitdiklərini söyləməli idi. Bu gün səhər o, bizi toplayaraq açıq şəkildə hər birimizin məlumatını dinlədi. Biz hamımız 100% müsbət rəy verdik. Bəli, iradlar və arzular da səsləndirildi, lakin bunlar nəticələrə qətiyyən təsir etmir. Biz seçki məntəqələrinin açılışı zamanı dəqiqliyi qeyd etdik. Mən Bakıda 10 məntəqədə oldum. Biz səslərin necə şəffaf hesablanmasının şahidi olduq. Olduğum bütün məntəqələrdə Azərbaycanın müxalifət partiyalarının nümayəndələrinin olması məni yaxşı mənada təəccübləndirdi. Biz onların hər birinə yaxınlaşır və iradlarının, eləcə də işləmələri üçün rahat şəraitin olub-olmaması barədə soruşurduq. Biz mətbuatın necə işlədiyini görürdük. Yəni hər şey o qədər dəqiq düşünülmüşdü ki…. Bu, elə belə, yəni demokratik olmalıdır.
Mən bütün bunları bu gün səhər yekunlaşdırma prosesində rəhbərimizlə görüşdə bildirdim. Elə orada cənab Mişel Vuazen dedi: “bəli, biz bu seçkiləri müsbət qiymətləndiririk, bu, böyük irəliləyişdir və s.”.
Biz düşünürdük ki, bütün bunlar tribunadan səsləndiriləcək. M.Vuazenin söylədiklərinin hamısı onun öz uydurmasıdır. Bu, qabaqcadan düşünülüb ya da kiminsə sifarişidir. Mən hətta bunun necə baş verdiyini bilmirəm. Buna görə bizi də (müşahidəçiləri – İF-Az) dinləmək lazım idi. Çünki bizim hər birimizin öz fikrimiz var.
- Təxminən bir saat əvvəl AŞPA müşahidəçiləri Avropa Parlamentinin müşahidəçiləri ilə birgə bəyanat yayıblar. Bəyanatda qeyd edilir ki, seçkilər prosesi zamanı nəticələrə təsir edə biləcək ciddi qanun pozuntuları qeydə alınmayıb. Necə hesab edirsiniz, bu cür nüfuzlu Avropa qurumları arasında fikir ayrılıqları nədən ibarətdir?
- Bilirsiniz, mən prezident seçkilərində müşahidəçi qismində artıq üçüncü dəfədir iştirak edirəm. Bundan öncə mən Belarus və Rusiyada səsvermənin gedişini izləmişəm. Bu təşkilatların seçki prosesi ilə bağlı qiymətləndirmələri və yanaşmalarında hansısa aydın olmayan fikir ayrılıqları var. Onların mətbəxində nə baş verdiyi aydın deyil. Onlar heç vaxt birgə bəyanatla çıxış etməyib.
- Adətən «exit-poll» və müşahidəçilərin göstəriciləri arasında fərq 5% səviyyəsində olur. Mən yerli təşkilatlar barədə danışmayacağam. «Exit-poll» keçirən üç beynəlxalq qurum Azərbaycanda seçki prosesinə müsbət rəy verib. Bu halda da ATƏT PA və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) hesabatı həmin beynəlxalq müşahidəçilərin hesabatlarından köklü şəkildə fərqlənir. Belə ziddiyyəti necə izah etmək olar?
- Bilirsiniz, niyə sifarişsiz işləyən «exit-poll» strukturları seçki prosesini yekdilliklə müsbət qiymətləndiriblər? Çünki onlar həqiqətən demokratikliyin şahidi olublar və onlara nə isə uydurmaq lazım deyildi. Onlar sorğunun keçirilməsinə peşəkarlıqla yanaşdılar. Bu, məhz sizin sualınıza cavabdır. Hətta xarici «exit-poll» strukturlarının rəyləri bir-biri ilə üst-üstə düşdü, bu isə çox nadir hallarda baş verir. “Exit-poll” keçirən təşkilatlar müsbət rəy veriblər. Bu, seçkilərin nə dərəcədə şəffaf olmasından xəbər verir.
İndi baxın, missiyamızın rəhbəri qanun pozuntuları üzrə rəqəmin 11% olduğunu deyib. Əgər “exit-poll” öz müşahidələrində minlərlə insanı əhatə edirsə, gəlin, sadəcə hesablayaq. Biz (ATƏT PA müşahidəçiləri –İF-Az) 25 nəfər idik və məntəqələrə iki nəfərlik qrupla gedirdik, yəni hər cütlüyün payına on məntəqə düşürdü. Hətta əgər biz tək başına 10 məntəqədə olsaydıq belə, bu, 250 məntəqə təşkil edərdi. Biz isə 110-120 məntəqəni əhatə etdik. Cəmi nə qədər məntəqə var idi? 5 mindən çox. Yəni biz məntəqələrin ümumi sayının təxminən 0,02%-də olmuşuq. Yəni hətta pozuntular olsaydı belə, onları ümumiləşdirmək olmaz.
İkincisi, o, 11% rəqəmini haradan götürüb? Heç yerdə bu rəqəm qeyd edilməyib. Hətta “pozuntuların” baş verdiyi məntəqələr qeyd olunmayıb. Ümumi istəklər bildirilib. Məsələn, mən seçki məntəqələrində əlillər üçün pandusların olmasının lazım oldğunu söylədim. Bütün bunlar əhəmiyyətsiz şeylərdir. ATƏT kimi ciddi təşkilata bir və ya iki problem əsasında bütün proses barədə nəticə çıxarmaq yaraşmaz .
Bir daha bildirim ki, bu, çox sanballı arqumentdir. Müşahidələrimiz barədə məruzə etdiyimiz səhər bütün müşahidəçilər yalnız xırda iradları qeyd edərək müsbət rəy bildirdilər. Missiyamızın rəhbəri bizdən bu xırdalıqların yekun nəticəyə nə dərəcədə təsir edə biləcəyini soruşdu. Əlbəttə, heç cür. Əgər bir məntəqədə nə isə baş veribsə, bunu bütövlükdə bütün seçki prosesinə şamil etmək olmaz. Elə cənab İlham Əliyevin topladığı faizin özü də onun Azərbaycan vətəndaşları tərəfindən güclü dəstəyə malik olmasını göstərir.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət