“İnterfaks-Azərbaycan” agentliyinin Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyevlə müsahibəsi.
- Cənab Şıxəliyev, bu yaxınlarda Bakıda AİDA-nın himayəsi altında neft sahəsində çalışan mütəxəssislər üçün beynəlxalq ixtisasartırma kursları keçirilib. Bu cür tədbirlərin məqsədi barədə daha ətraflı məlumat verə bilərsinizmi?
- Bu, neft sahəsində çalışan mütəxəssislər üçün sayca dördüncü ixtisasartırma kursları idi. Əvvəlki tədbirlərdən fərqli olaraq bu dəfə biz neft hasilatı ilə məşğul olan aparıcı ölkələrdən neft şirkətlərinin mütəxəssislərini topladıq. Söhbət yalnız ixtisasartırma kurslarından getmir. Kurslar əməkdaşlıq, o cümlədən təcrübə mübadiləsi üçün yeni perspektivlər açır. Ümir edirik ki, kursların nəticəsi olaraq üçpilləli əməkdaşlıq mümkündür. Yəni kurslar tədris hissəsidir, ikinci mərhələ problemli sahələr üzrə əməkdaşlıqdır. İştirakçılar ölkələrindəki yataqlarda üzləşdikləri və həllini tələb edən problemlər üzrə təqdimatlar keçirmək imkanı əldə ediblər. İştirakçıların üzləşdiyi problemlərin həllində birgə tədqiqatların aparılması mümkündür. Üçüncü mərhələ isə ondan ibarətdir ki, hər iştirakçının arxasında onun təmsil etdiyi neft şirkəti durur. Bu deməkdir ki, uğurlu elmi həllərin reallaşması üçün müvafiq maliyyə mənbəyi tapılacaq. Ümid edirik ki, kurslarda iştirak edən səkkiz ölkədə və ya birgə formada üçüncü ölkələrdə hansısa işləmələr və yaxud hər hansı elmi tədqiqatların nəticələrinin tətbiqi tam mümkündür. Məsələn, Azərbaycan-Küveyt hansısa üçüncü ölkədə bunu reallaşdıra bilər. Bu halda hər şey iştirakçılar arasında aparılan müzakirələrdən və onların istəklərindən asılı olub. Lakin ən başlıcası odur ki, bu, neft mütəxəssislərini tamamilə yeni potensiala, əməkdaşlığın yeni mərhələlərinə çıxarır. Çünki həmin ölkələrdə və Azərbaycanda neft şirkətləri möhkəmlənib. Onilliklər əvvəl mümkün olmayanlar bu gün reallığa çevrilib. Həmin şirkətlər texnologiya, elmi təcrübə, kadrlar, müvafiq maliyyə vəsaitlərinə malikdir və böyük məsələləri həll etməyə hazırdır. Bunun üçün biz imkanlarımızı təqdim etməyə hazırıq. Bundan başqa, iştirakçılar öz ideyalarını təklif etmək imkanına malik idilər.
Növbəti kurslar istənilən iştirakçı ölkədə keçirilə bilər. Ümir edirik ki, bu kurslarda iştirakçıların sayı daha çox olacaq. Biz Latın Amerikası ölkələrinin və onların neft şirkətlərinin iştirak etməsini istərdik. Qeyd edim ki, Kolumbiya Əməkdaşlıq Agentliyi bu tədbirin sponsorlarından biri olub. Bundan başqa, Kolumbiyanın “Ecopetrol” neft şirkəti bu tədbirdə iki dəfə iştirak edib, yəni iki dəfə öz mütəxəssislərini göndərib. Demək istəyirəm ki, əməkdaşlığın formatının genişləndirilməsi üçün potensial var.
- Məlum olduğu kimi, AİDA həm də Burkina Fasoda pulsuz oftalmoloji əməliyyatların keçirilməsi kimi müxtəlif humanitar layihələrdə iştirak edir. Yaxın vaxtlarda bu cür tədbirlərin keçirilməsi gözlənilirmi?
- Bu cür aksiyalar hər il keçirilir. Bu il aksiyalar doqquz ölkədə təşkil edilib. Gələn il neçə ölkədə keçirilməsi məsələsi isə İslam İnkişaf Bankı ilə müzakirə prosesindədir. Bu tədbirlərin yenidən doqquz ölkədə keçirilməsi və ya ölkələrin sayının bir qədər artması mümkündür.
Bununla yanaşı, səhiyyə sahəsində oftalmologiyaya aid olmayan digər proqramları nəzərdən keçiririk. Yəni oftalmologiya AİDA-nın islam ölkələrində reallaşdırmaq niyyətində olduğu proqramlardan biridir. Digər proqramlar da var. Lakin hələlik Afrika ölkələri bizdə prioritet təşkil edir.
- Bu cür əməkdaşlıq Azərbaycana nə qazandırır?
- Azərbaycan müstəqillik qazandığı dövrdən bəri xaricdən yardım alıb. Bu gün isə müdrik siyasət, neft sahəsindən əldə olunan vəsaitlərin düzgün xərclənməsi, iqtisadiyyatın şaxələndirilməsi hesabına Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə mühüm oyunçuya çevrilir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, eləcə də regionda donor fəaliyyəti ilə məşğul olan iri investordur. Ölkənin donor fəaliyyəti ondan xəbər verir ki, Azərbaycan təkcə yardım almaq deyil, həm də yardım göstərmək iqtidarındadır.
Bir çox ölkələr belə edir. Məsələn, kurslarda iştirak edən İndoneziya yardım almaqla yanaşı, həm də özü yardım göstərir. Vyetnam və Hindistan barədə də eyni sözü demək olar. İndiki mərhələdə biz də yardım göstərməyə başlayan ölkəyik. Biz yeni donor ölkəyik. Bu səbəbdən Azərbaycan ehtiyacı olan tərəfdaşlara yardım edir. Bu, real vəsait, texniki yardım, humanitar layihələr ola bilər. Bu proqramlar vasitəsilə biz müzakirə etməyə hazır olduğumuz yeni ideyalara çıxış imkanı əldə edirik.
- Yəni demək istəyirsiniz ki, Azərbaycanın qarşısında yeni əməkdaşlıq imkanları açılır?
- Tamamilə gözlənilməz imkanlar açılır. Çünki hər bir ideya tamamilə yeni ideyalar əmələ gətirir. “Biz bu ideyaları tədqiq edərək alıcı ölkə üçün daha vacib olanını seçir, həmçinin yardım edən ölkə kimi Azərbaycanın maraqlarını nəzərə alırıq. Yəni Azərbaycan da indi yardım göstərməyə hazır olduğu və daha sonra yardım göstərəcəyi sahələri seçir. Belə olduğu halda, o cümlədən ölkə seçimi zamanı da müxtəlif elementlər nəzərə alınır. Həmin ölkə ilə münasibətlər, onun beynəlxalq təşkilatlarda iştirakı, tutduğu mövqe, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə yanaşması nəzərdən keçirilir
- Siz qeyd etdiniz ki, İslam İnkişaf Bankı ilə aparılan danışıqların yekunları üzrə Azərbaycanın gələn il hansı və neçə ölkəyə yardım göstərəcəyi məlum olacaq. Bütün layhələr bu qurumla əlaqəli şəkildə həyata keçirilir?
- Bu, mütləq deyil. Sadəcə olaraq bizim qeyd etdiyimiz oftalmologiya sahəsində kampaniya İİB ilə birgə layihədir. Bu layihədə bir sıra donorlar iştirak edir və Azərbaycan İİB ilə əməliyyatların fraqmenti üzrə bərabər hüquqlu tərəfdaşdır. Orada digər donorların iştirak etdiyi başqa elementlər də mövcuddur.
Bundan başqa, İİB-in iştirakı olmadan, müstəqil şəkildə reallaşdırdığımız digər proqramlar da var. Bu halda biz özümüzü məhdudlaşdırmırıq, hər şeyi müstəqil etməyə çalışmırıq. Çünki güclü tərəfdaşlara malik olaraq hər zaman daha çox və keyfiyyətli işlər həyata keçirmək olar. Buna görə də biz tərəfdaşlıq münasibətlərinin inkişafının tərəfdarıyıq. Tərəfdaşlarımızın imkanlarından istifadə edərək eyni zamanda Azərbaycanın maraqlarını əsas tuturuq.
Donor fəaliyyəti yeni istiqamət, xarici siyasəti tamamlayan güclü vasitədir. Bu səbəbdən agentliyimiz Xarici İşlər Nazirliyinin bir hissəsidir. Yardım proqramları ölkələrimizi yaxınlaşdırır, Azərbaycanın dostlarının sayını artırır və həmin proqramlar vasitəsilə Azərbaycanın nüfuzu və təsiri artır.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət