Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etdiyi iki il ərzində nəinki “böyük dövlətlər”in kölgəsində qalmadı, hətta qlobal əhəmiyyət kəsb edən problemlərin həllində ən fəal şəkildə iştirak etmə qabiliyyətini nümayiş etdirdi.
Azərbaycan BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi ikiillik iştirakını başa vurur. Respublikamız TŞ-dəki qeyri-daimi üzvlüyü Litvaya hələ gələn ilin əvvəlində təhvil verəcək. Lakin artıq indidən Azərbaycanın dünyanın bir nömrəli strukturundakı ilk iştirakının nəticələri haqda danışmaq mümkündür.
Xatırladaq ki, Təhlükəsizlik Şurası BMT-nin əsas strukturudur və Nizamnaməyə əsasən, sülh və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə cavabdehdir. Azərbaycan 2010-cu ilin oktyabrında 155 ölkənin dəstəyi ilə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsinin özü ölkənin o qədər də böyük olmayan müstəqillik tarixində qazandığı ən önəmli xarici siyasi uğurlarındandır. Bu vacib strukturda beş daimi üzv - ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa ilə birgə olmaq Azərbaycanın beynəlxalq arenada qazandığı böyük nüfuzun etirafı kimi qiymətləndirilə bilər.
Dünyanin üç ən iri güc mərkəzi olan Vaşinqton, Moskva və Brüssel Azərbaycanın uğurunun həqiqətən də tarixi olması fikrində bir-biri ilə razılaşıb. Bu barədə ABŞ, Rusiya və Avropa İttifaqının ekspert cəmiyyətinin nümayəndələri bu sətirlərin müəllifi ilə söhbət zamanı bəyan ediblər.
“Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi respublikanın beynəlxalq siyasətdə qazanmağa davam etdiyi hörmət və nüfuzun sübutudur”, - deyə Tennesi Texnologiya Universitetinin (ABŞ) professoru Maykl Günter hesab edir.
“Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusunu əldə etməsi respublikanın aparıcı regional dövlət kimi tanınmasını, beynəlxalq münasibətlərdə və yalnız regional deyil, həm də BMT-nin məşğul olduğu qlobal problemlərin nizamlanmasında artan rolunu əks etdirir”, - deyə Yeltsin Fondunun vitse-prezidenti Yevgeni Volk hesab edir.
“Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasına seçilmək Azərbaycan üçün fantastik inkişafdır. Bu, həqiqətən Azərbaycanın böyük əhəmiyyətini nümayiş etdirir və respublikanın bütün dünyada əhəmiyyətinin qəbul edilməsi deməkdir”, – deyə Brüsseldəki Avropa Siyasət Mərkəzinin eksperti Amanda Pol bildirib.
Azərbaycan BMT Təhlükəsizlik Şurasında 2 illik qeyri-daimi üzvlük zamanı nəinki regional və qlobal əhəmiyyətli problemlərin müzakirəsində fəal mövqe tutub, hətta bir ay ərzində iki dəfə bu struktura sədrliyi həyata keçirib.
Bununla yanaşı, Azərbaycan heç də dünya siyasətinin qrandlarının fonunda qalmayıb və qurumda dünyanın bir çox problemli bölgələrində sabitliyə nail olunmasına kömək edən vacib təşəbbüslərin müəllifi olub.
Məsələn, Azərbaycan 2012-ci ilin mayında struktura ilk sədrliyi zamanı BMT Təhlükəsizlik Şurasında bu günün ən aktual problemlərindən birini müzakirəyə çıxarıb. Söhbət beynəlxalq terrorçuluq, onun qlobal sülhə və təhlükəsizliyə yaratdığı problemlərdən gedir. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müzakirələrdə BMT-nin baş katibi Pan Gi Mun da iştirak edib və o, Bakının bu təşəbbüsünü yüksək qiymətləndirib.
Bununla yanaşı, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi ölkədə bir çoxlarının Ermənistan-Azərbaycan münaqişəsinin həllində tezliklə irəliləyişlərə nail olunacağına, daha doğrusu, qurumun 1993-cü ildə Dağlıq Qarabağ probleminə dair qəbul etdiyi 4 qətnamənin, nəhayət icra ediləcəyinə ümidini artırmışdı. Hər halda BMT Nizamnaməsinin VII fəslində bildirilir ki, BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin tələblərinə əməl etməyə məcburdur. Onlara əməl olunmamasına görə sanksiyaların tətbiqi, hətta hərbi müdaxilə də nəzərdə tutulur.
Amma düşüncəli insanlar əvvəldən anlayırdılar ki, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyün Azərbaycana bu işdə kömək etməsi ehtimalı yüksək deyil. Güman ki, Azərbaycan da qarşısına bu vəzifəni qoymamışdı. Çünki o, məzəmmətlərin dünya fövqəldövlətlərində vicdanı oyadacağına inanmırdı. Necə olur ki, Liviya münaqişəsi zamanı BMT Təhlükəsizlik Şurası üçün bir qətnamənin icrasına cəmi bir neçə saat kifayət edir, Azərbaycan ərazisinin beşdə bir hissəsinin işğaldan azad olunması üçün isə 4 qətnamə və 20 il kifayət etmir?
Başqa sözlə, aydın idi ki, fövqəldövlətlərdə erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasında maraq yaranmayana qədər bu sənədlərin icrasına nail olmaq mümkün deyil. Amma bununla yanaşı, Azərbaycan əlbəttə ki, yeni və kifayət qədər nüfuzlu tribunadan dünya ictimaiyyətinə unutduğu öhdəliklərini xatırlatmaq imkanını əldən verməyib. Bakı bu xatırlatmanı ilk fürsətdə edib. Qurumda istər beynəlxalq terrorçuluq müzakirə olunsun, istər Asiya və Afrikadakı humanitar fəlakət, istərsə də Suriya böhranı, Azərbaycan hər məqamda Ermənistanın azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətləri yada salıb, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma yurd-yuvalarına qayıda bilmədiyini xatırladıb, Suriya ermənilərinin qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərinə yerləşdirilməsinə diqqət çəkib.
Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamələrə əməl olunmamasını dramatikləşdirməyə də ehtiyac yoxdur. Üstəlik, Azərbaycan bu qurumun daimi üzvləri ilə işlədiyi dövrdə onların bu qətnamələrin hansı hallarda və hansı müddətdə icra edilməsi məsələsinə differensial yanaşmasının şahidi olub. Amma istənilən halda 20 il əvvəl qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr heç də BMT-nin arxivində toz altında qalmayıb. Bu gün Azərbaycan diplomatiyasının fəaliyyəti nəticəsində digər nüfuzlu strukturlar da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini ortaya qoyan zaman bu vacib hüquqi sənədlərə istinad edirlər. Məsələn, oktyabrın 23-də Avropa Parlamentinin plenar iclasında qəbul olunmuş qətnamədə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının bir üzvünün digərinin ərazisini işğal etməsinin yolverilməzliyi vurğulanır. Qətnamənin 16-cı paraqrafında işğalın "Şərq tərəfdaşlığı"nın fundamental prinsip və məqsədlərinə zidd olduğu bildirilir. Sənəddə deyilir ki, Dağlıq Qarabağ münaqişəsi 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş qətnamələr, həmçinin ATƏT-in Minsk qrupunun 2009-cu il iyulun 10-da Akvildə həmsədr ölkə liderlərinin birgə bəyanatı ilə təsdiqlənmiş baza prinsipləri əsasında həll olunmalıdır.
"Avropa Parlamenti tərəfindən qəbul olunmuş qətnamədə ilk dəfədir ki, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyi vurğulanır. Qətnamələr işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təmin edilməsini tələb edir. Avropa Parlamentinin qətnaməsi beynəlxalq birliyin münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə tərəfdar olduğunu bir daha ortaya qoyur", - deyə Azərbaycan XİN Avropa Parlamentində sözügedən sənədin qəbulunu alqışlayaraq bəyan edib.
Xatırladaq ki, Avropa Parlamenti bundan əvvəl də qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının, həmin ərazilərin Bakının nəzarətinə qaytarılmasının, azərbaycanlı qaçqın və məcburi köçkünlərin oraya qaytarılmasının vacibliyini vurğulayıb.
Şübhəsiz ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü statusu Azərbaycanın beynəlxalq nüfuzunu dəfələrlə artırıb. Bundan başqa, Azərbaycan Təhlükəsizlik Şurasının iclaslarında iştirakı zamanı bu nüfuzlu kürsüdə sadəcə nüfuz xətrinə oturmaq niyyətində olmadığını da göstərib. Bakı beynəlxalq təhlükəsizlik məsələlərinin həllində çox yaxından iştirak edib, təbii və humanitar kataklizmlərdən əziyyət çəkən ölkələrə donorluq edib. Bununla yanaşı, Azərbaycan statusundan öz problemlərinin dünya birliyinin diqqət mərkəzində saxlanılması işində də yararlanıb. Güman ki, bundan sonra BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə yeni namizədlərin nəzərdən keçirdiyi vaxt Azərbaycana "gözlənilmədən ortaya çıxan namizəd" kimi yox, özünü qlobal əhəmiyyətli problemlərin həllində etibarlı tərəfdaş qismində göstərə bilmiş ölkə kimi yanaşılacaq.
BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinə qayıdaraq bir məqamı da qeyd edək: onların icrası heç də çoxlarının düşündüyü kimi, xam xəyal deyil. Bu, müəyyən şərtlər daxilində mümkündür. Azərbaycan hələ ki, həmin şəraitin yaradılması üzərində çalışmalıdır. Üstəlik, yaxın keçmişdə ərazisində Rusiyanın hərbi bazası olan ölkənin BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əməl etməyə məcbur olunması halı da yaşanıb. Söhbət Suriyadan və 1559 saylı qətnamədən gedir. BMT və ABŞ məhz bu qətnaməyə əsaslanaraq Dəməşqdən hətta nizami ordusunu da yox, sülhməramlı (!) kontingentini Livandan çıxarmasını az qala ultimativ şəkildə tələb edib. Suriya da öz növbəsində bu tələbə boyun əyərək, Liviyadakı təxminən 35 min əsgərini oradan çıxarıb. Dəməşqə bu təzyiqi hətta Suriya ərazisində hərbi bazası olan Rusiya da dəstəkləyib.
Bu da sizə presedent. Demək, sadəcə elə bir şərait yaradılmalıdır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması ABŞ və BMT-nin maraqlarına cavab versin. Bu halda erməni lobbisinin müqaviməti də (Suriya nümunəsi bunu göstərdi), strateji müttəfiqlərin havadarlığı da işə yaramayacaq. Bu yerdə Uinston Çerçilin bir fikrini xatırlatmaq yerinə düşər: "İngiltərənin daimi müttəfiqləri yoxdur, İngiltərənin daimi maraqları var"...
Fuad Hüseynzadə, “İnterfaks-Azərbaycan” İA
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət