Ortamüddətli perspektivdə yerli təhsil sistemi qarşısında bu yaxınlarda qəbul olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapmış ciddi vəzifələr qoyulub. Onun strateji məqsədi bu sahədə yeni institusional tənzimləmə mexanizmlərinin yaradılması, təhsil proqramlarının fundamental və praktiki istiqamətlərinin inkişafı, fasiləsiz təhsil sisteminin formalaşması yolu ilə vətəndaşların, cəmiyyətin və əmək bazarının keyfiyyətli təhsilə tələbatının ödənilməsi üçün şəraitin təmin olunmasıdır.
Şübhəsiz ki, nəzərdə tutulan vəzifələrin səmərəli həlli maliyyə resurslarının savadlı idarə edilməsindən son dərəcə asılı olacaq. Konkret olaraq söhbət ali təhsil müəssisələrinin dövlət tərəfindən maliyyələşdirilməsi sxeminin optimallaşdırılmasından gedir. Bu isə müəyyən sahələr üzrə maliyyə landşaftına təsir etməyə bilməz. Ölkəyə qərb nümunəli ali məktəblərin alternativ maliyyələşdirmə sxemləri gətirilir. Söhbət ali məktəblərin nəzdində məqsədli kapital fondlarının yaradılmasından və ya beynəlxalq terminlə desək, “endaument”dən gedir ( endowment – ianə, pay, ərmağan).
Yerli ali məktəblərin nəzdində endaument fondlarının yaradılması ideyası ötən həftə təhsil nazirinin müşaviri Elxan Hüseynov tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, yaxın perspektivdə Azərbaycanın ali məktəbləri nəzdində məqsədli fondların yaradılması planlaşdırılır. Bu cür fondlar universitetlərin həyata keçirdiyi müxtəlif layihələrin maliyyələşdirilməsində mühüm rol oynaya bilər. Hazırda ali məktəblər yalnız dövlət investisiyaları hesabına tam inkişaf edə bilmir. Əfsuslar olsun ki, laboratoriyalar üçün bahalı avadanlığın alınması, aktual elmi tədqiqatların aparılması üçün büdcə vəsaitləri kifayət etmir.
Dünya təcrübəsi göstərir ki, dünyanın aparıcı universitetləri təhsil, elmi və digər proqramlarların maliyyələşdirilməsi üçün məqsədli kapital fondu hesabına daxilolmalardan stabil mənbə əldə edirlər. Bəzi postsovet ölkələrində ali məktəblərin nəzdində bu cür fondlar artıq fəaliyyət göstərir. Bura mesenatlar və özəl şirkətlər vəsait köçürürlər. Xüsusilə Rusiyada 40-dan artıq endaument fondu fəaliyyət göstərir.
“Yeri gəlmişkən, Harvard, Stenford, Oksford, Kembric, Münhen universitetləri bu sahədə böyük təcrübəyə malikdirlər. Harvard Universitetinin gəlirinin $4 mlrd.-nın 37%-i və Stenford Universitetinin gəlirinin 22%-i məqsədli fondlar hesabına formalaşır”, - deyə E.Hüseynov məlumat verib.
Müşavirin sözlərinə görə, məqsədli fondlar əsasən ayrı-ayrı şəxslərin və iş adamlarının ianələri hesabına formalaşır. Endaumentin adi xeyriyyəçilik ianələrindən əsas fərqi ianəçilərin vəsaitlərinin toxunulmazlığıdır. Universitetin toplanan pulları xərcləməyə ixtiyarı yoxdur: yalnız investisiya gəliri onun ehtiyaclarnın ödənilməsinə sərf olunur. Sadə sözlə desək, bu fondlarda toplanan vəsaitlər bilavasitə istifadə oluna bilməz. Vəsaitlər bank hesabında toplanır və universitetlər bu kapitalın yalnız faizlərindən istifadə edə bilərlər. Faktiki olaraq bu, stabil gəlir gətirən sponsor dəstəyidir. Bu vəsaitlər yalnız elmi-tədqiqat fəaliyyətinə deyil, həm də idman və səhiyyənin inkişafına, təqaüdlərin və müəllimlərin əmək haqlarının artırılmasına yönəldilə bilər.
“Bu gün bizim uğurlu karyera qurmuş çoxsaylı məzunlarımız var. Onlar ölkədə alma-materə yardım göstərmək iqtidarındadırlar. Düşünürəm ki, əgər ali məktəblər onlarla tərəfdaşlıq münasibətləri qura bilsələr, o zaman bu cür fondların yaradılması üçün onların simasında sponsor tapa bilərlər”, - deyə E.Hüseynov hesab edir.
Bununla belə universitetlərə məqsədli kapital fondları təşkil edərək onlardan istifadə etməyə imkan verəcək qanunvericilik bazası yaratmaq lazımdır. Bu məqsədlə Təhsil Nazirliyi təhsilin normativ-hüquqi bazasına əlavə və dəyişikliklər layihəsinin hazırlanmasına başlayıb.
Təhsil üzrə ekspert, pedaqoji elmlər doktoru Əjdər Ağayev Təhsil Nazirliyinin təşəbbüsünü şərh edərək bildirib ki, universitetlərin nəzdində endaument fondlarının yaradılması elm və təhsili səmərəli maliyyələşdirmə alətinin yeni inkişaf vektorunu müəyyən edəcək. Bu cür fondları yalnız ali məktəblərin deyil, elmi-tədqiqat institutları və muzeylərin nəzdində də yaratmaq mümkündür. Qərbdə belə nümunələr var. Universitetlərin bu fəaliyyətlə aktiv şəkildə məşğul olmaq üçün maddi stimulu olmalıdır. Bunun üçün həm də ianələrin toplanması, donor və sponsorların axtarışı ilə məşğul olacaq mütəxəssislər lazımdır. Bu cür mütəxəssisləri fandrayzer adlandırırlar (fundraising sözündən əmələ gəlib - maliyyə vəsaitlərinin cəlb olunması). Vəsaitlərin cəlb olunması təşkilatçılıq qabiliyyəti, bilik və təcrübə tələb edən mürəkkəb texnoloji prosesdir. Yeri gəlmişkən, ABŞ-da fandrayzinq tamdəyərli peşədir. Bizim ölkədə hələ ki, fandrayzerlər yoxdur.
Ə.Ağayevin sözlərinə görə, məqsədli kapital fondlarının yaradılması, bu vəsaitlərin səmərəli istifadəsi ali təhsil sisteminin modernləşməsi prosesini sürətləndirməyə, gənc kadrların hazırlanması keyfiyyətini artırmağa, elmi inkişaf etdirməyə, xüsusi təqaüdlərin təsis olunması, konkret layihələr üçün qrantların ayrılması yolu ilə istedadlı tələbələri təşviq etməyə və s. kömək edəcək. Məqsədli kapitalın olması zəmanətli gəlirin payının artması nəticəsində ali məktəbin maliyyə sabitliyini artırmağa və əlavə maliyyə mənbəyinin mövcudluğu şəraitində tədris və elmi fəaliyyətin uzunmüddətli planlaşdırılması imkanını təmin etməyə kömək edəcək.
Arayış:
Endaument qeyri-kommersiya məqsədləri üçün istifadə olunan məqsədli fonddur və təhsil, səhiyyə, mədəniyyət və elm sahələrində fəaliyyət göstərən təşklatların maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Fonda bağışlanan vəsait istifadə olunmur, peşəkar şirkətin idarəçiliyinə verilir. Fondun vəsaitlərinin idarəçiliyindən əldə olunan gəlirlər mesenatların müəyyən etdiyi məqsədlərə yönəldilir, fondun pulları isə işləməyə davam edir.
İradə HƏSƏNOVA
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət